Dünən Prezident yerli telekanallara müsahibəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və idarəetmə təcrübəsinin Naxçıvanda da tətbiq olunacağını bildirib. Məsələ ilə bağlı Modern.az-a açıqlama verən deputat Fazil Mustafa qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən proseslər müəyyən mənada pilot xarakteri daşıyan idarəetmə üsuludur və bu modelin tədricən Naxçıvanda və digər bölgələrdə tətbiqi təbii haldır: “Müəyyən bir idarəetmə modelinin təcrübədən çıxarılması üçün bu ərazilər daha əlverişli məkandır. Əhalinin hələ tam məskunlaşmadığı, tədricən yerləşmə prosesinin getdiyi dövrdə bu cür idarəetmə forması müəyyən dərəcədə avantajlı görünə bilər. Prezident həmçinin vurğuladı ki, məmurların sayı çox olmamalıdır. Çünki adətən məmurların sayının artması işin daha da çətinləşməsi, mərhələlərin çoxalması deməkdir”. Deputat hazırda Naxçıvanda səlahiyyətli nümayəndənin fəaliyyət göstərdiyini, lakin bu modelin Qarabağdakı idarəetmə mexanizmi ilə tam eyni olmadığını bildirib: “Bu model Naxçıvanda da müəyyən müddətdir tətbiq olunur, lakin burada spesifika bir qədər fərqlidir. Çünki Konstitusiyaya əsasən Naxçıvanda Ali Məclis, Nazirlər Kabineti və digər strukturlar mövcuddur. Bu strukturların fəaliyyəti üzərində də dəqiqləşmələr aparılmalıdır. Səlahiyyətli nümayəndə daha geniş imkanlara malik olmalı, paralel və əlavə strukturlar isə aradan qaldırılmalıdır. Yəqin ki, bu istiqamətdə işlər görüləcək. Naxçıvanda idarəetmənin mürəkkəbliyinin azaldılması vacibdir. Daha sadə idarəetmə modelinə keçid təmin olunmalıdır ki, əhalinin problemlərinin həllində təkcə səlahiyyətli qurumlar deyil, eyni zamanda məsuliyyət daşıyan strukturlar da ön plana çıxsın”. Deputat bu istiqamətdə müzakirələrin artıq aparıldığını da vurğulayıb. Fazil Mustafa Qarabağda həyata keçirilən yenidənqurma və bərpa təcrübəsinin Naxçıvanda tətbiqinə olan ehtiyacdan da danışıb: “Xüsusilə yaşıl enerji, kənd təsərrüfatının inkişafı, ticarət və sərhədyanı əlaqələrin genişləndirilməsi istiqamətində daha ciddi addımların atılmasına ehtiyac var. Quru və dəmir yollarının açılması böyük sıçrayış yaradacaq. Buna qədər isə hazırlıq prosesi daha ciddi şəkildə aparılmalıdır”. Deputat Naxçıvanın sosial-iqtisadi baxımdan müqayisəli üstünlük qazanmasının vacibliyinə də toxunub: “Naxçıvanın spesifikası ondan ibarətdir ki, bu əraziyə həm də müqayisə prizmasından baxılmalıdır. Azərbaycanın Ermənistana ən yaxın bölgəsi olduğu üçün burada Ermənistandan daha yaxşı yaşayış şəraiti qurulmalıdır. Beləliklə, psixoloji üstünlük də Naxçıvan üzərindən təmin edilməlidir. Bunların hamısı ciddi müzakirə tələb edən məsələlərdir. Ümid edirəm ki, dövlət qurumları Prezidentin bu istiqamətdə çağırışlarını düzgün dəyərləndirəcək, Naxçıvan məsələsinə daha məsuliyyətlə yanaşacaq və bölgə əhalisinin daha rahat, rifah içində yaşamasını təmin edəcəklər”, – deyə deputat sonda qeyd edib.