Azərbaycan Türkiyədən hərbi təlim təyyarələri almaq üçün intensiv danışıqlar aparır. Məlumata görə, Türkiyənin nüfuzlu aviasiya şirkətlərindən olan "Turkish Aerospace Industries" (TAİ) Azərbaycana yeni nəsil təlim-tədris təyyarələri "Hürkuş-II"nin satışı üzrə müqavilənin bağlanmasına yaxınlaşıb. Bu barədə TAI-nin baş direktoru Mehmet Demiroğlu Yeni il müraciətində məlumat vermişdi.
Müqavilə imzalanarsa, Azərbaycan kursantları ilkin mərhələdən sonra uçuş hazırlığını "Hürkuş-II" təyyarələrində davam etdirəcək. Bu, pilot hazırlığının Türkiyə modeli ilə uyğunlaşdırılmasına imkan verəcək. Növbəti mərhələdə Azərbaycan "Hürkuş-II" reaktiv təlim təyyarəsi almağı da planlaşdırır.
“Hürkuş” təyyarələrinin əhəmiyyəti, müsbət tərəfləri nələrdir? Daha hansı ölkələr şirkətin istehsal etdiyi təyyarələri alıb.
Modern.az bu suallara tapdığı cavabları təqdim edir:
HÜRKUŞ Layihəsi və Yeni Nəsil Təlim Təyyarəsi
26 sentyabr 2013-cü il tarixində keçirilən “Strateji Sənaye və Silah Komitəsi”nin(SSİK) toplantısında, Hava Qüvvələri Komandanlığının 15 ədəd yeni nəsil əsas təlim təyyarəsi ehtiyacını qarşılamaq məqsədilə TUSAŞ ilə HÜRKUŞ təyyarələrinin seriya istehsalını nəzərdə tutan müqavilə danışıqlarına başlanması qərara alındı.
Bu qərardan sonra aparılan işlər və danışıqlar nəticəsində, 26 dekabr 2013-cü il tarixində HÜRKUŞ-B müqaviləsi imzalanmış və istehsal ilə montaj işləri davam etməkdədir.
Hazırda HÜRKUŞ layihəsi çərçivəsində, Türkiyə Silahlı Qüvvələrinin təlim təyyarəsi ehtiyacını ödəyəcək və dünya bazarında pay sahibi ola biləcək orijinal bir təlim təyyarəsinin yerli imkanlarla dizaynı, inkişafı, prototip istehsalı və beynəlxalq sertifikasiyası həyata keçirilir.
"Hürkuş" təyyarələrini alan ölkələr
"HÜRKUŞ" məhsullarının ixracı indiyə kimi uğurla həyata keçirilib. Çad, Liviya və Niger Türkiyədən bu tipli təyyarələr alıblar. Misal olaraq qeyd edə bilərik ki, Niger pilotları üçün xüsusi təlim proqramları tamamlanıb və təyyarələr dəqiq kəşfiyyat və yüksək riskli əməliyyatlarda aktiv istifadə olunur. Bir ədə "HÜRKUŞ" təyyarəsinin dəyəri 25 milyon avrodur.
"Hürkuş II"nin xüsusiyyətləri
Üstün aerodinamik dizaynı və inkişaf etmiş avionika sistemləri ilə diqqət çəkən "Hürkuş‑II", əvvəlki versiyaları ilə müqayisədə nisbətən daha yüngül konstruksiyaya malikdir.
Ölkəmizin hərbi inventarına daxil olması gözlənilən "Hürkuş-II" təyyarəsinin əsas xüsusiyyətlərini aşağıdakı kimi sıralamaq olar:
-Patrul və sərhəd təhlükəsizliyi missiyaları
-Narkotik vasitələrlə mübarizə əməliyyatları
-Yaxın hava dəstəyi
-Silahlı kəşfiyyat
-Havadan təcridetmə əməliyyatları
-Müşahidə və kəşfiyyat
-İrəli hava nəzarəti (Forward Air Control)
-Hər iki kokpitdən geniş və inkişaf etmiş görmə imkanları
-VFR/IFR (vizual uçuş qaydaları / alət üzrə uçuş qaydaları) qabiliyyəti
-Anti‑G sistemi
-1600 at gücündə PT6A‑68T Pratt & Whitney Canada turbovint mühərriki
-Martin‑Baker MK T16N 0/0 tipli katapult oturacaqları
-30 saniyəlik tərs uçuş (inverted flight) qabiliyyəti
-Uçuş zamanı oksigen təmin edən təyyarədaxili oksigen istehsalı sistemi (OBOGS)
-Quş toqquşmalarına qarşı gücləndirilmiş kanopi
-Yüksək zərbəudma qabiliyyətinə malik eniş şassiləri