ABŞ ilə Venesuela arasında gərginlik hələ də davam etməkdədir. ABŞ artıq ötən gün Venezuelaya ilk zərbəsini endirib. Belə ki, ABŞ Venesuela sahillərində böyük bir obyekti vurub.
"Biz sadəcə - oxuduğunuz və ya gördüyünüzü bilmirəm - gəmilərin çıxdığı böyük bir zavod və ya obyekt var. İki gecə əvvəl onu söndürdük. Onlara çox güclü zərbə vurduq",- ABŞ lideri Tramp jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın dövlət katibi Marko Rubio Venesuelanın “Hizbullah”la, narkotik qaçaqmalçılığı və narkotik terror təşkilatları ilə əməkdaşlıq edən qeyri-qanuni bir rejim olduğunu bildirmişdi.
O əlavə olaraq qeyd etmişdi ki, ABŞ Venesuela Prezidenti Nikolas Maduronu legitim hesab etmir və Vaşinqtonun məqsədi regional sabitlik və təhlükəsizliyin təmin olunmasıdır.
Venesuela ilə ABŞ münaqişəsinin dünyaya, eləcə də Cənubi Qafqaza siyasi təsirləri maraqlı olduğu qədər iqtisadi təsirlərin də necə olacağı diqqət çəkir.
Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, ABŞ-ın Venesuelanı ram etməsi və Nikolas Maduronun istefasına nail olması Vaşinqtonun qlobal miqyasda gücünü daha da artıracaq:
"Bu proses ABŞ-ın təkcə Latın Amerikasında deyil, o cümlədən Cənubi Qafqazda siyasi və iqtisadi mövqelərinin möhkəmlənməsinə gətirib çıxara bilər. Elə Trampın əsas hədəflərindən biri də budur. Onsuz da TRIPP layihəsi ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsinə şərait yaradır. Deməli, Venesuela ram edildikdən sonra ABŞ-ın müxtəlif regionlarda, o cümlədən Cənubi Qafqazda və Mərkəzi Asiyada çəkisi daha da artacaq. ABŞ ilə əvvəlki kimi daha çox dövlətlər hesablaşmağa məcbur qalacaqlar. Bunlar geosiyasi səbəblər olacaq”.
Elxan Şahinoğlu qeyd edib ki, bu prosesin iqtisadi nəticələri də mümkündür: “Venesuela dünyanın əsas neft ixracatçı ölkələrindən biridir. Əgər ABŞ ilə Venesuela arasında toqquşma olarsa, bu, neft qiymətlərinin bahalaşmasına səbəb ola bilər. Əksinə, Venesuelanın ram edilməsi baş tutduğu halda isə neft qiymətlərinin ucuzlaşması ehtimalı var. Azərbaycan da Venesuela kimi neft ixracatçısı ölkədir və büdcəmizin əsas gəlir hissəsi neft ixracı hesabına formalaşır. Bu baxımdan ABŞ-Venesuela münasibətlərinin Azərbaycan üçün həm mənfi, həm də müsbət təsirləri ola bilər”.
İqtisadçı Eldəniz Əmirov isə bildirib ki, ABŞ ilə Venesuela arasında uzunmüddətli qarşıdurma mümkün deyil:
"Venesuela dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələrindən biri yox, məhz birincisidir. Bu baxımdan Venesuelanın neft ehtiyatları ABŞ üçün xüsusilə cəlbedicidir. Sadəcə, ABŞ-ın strateji maraqlarına nə Şimali Amerika, nə də Cənubi Amerika materiklərində müharibə və silahlı toqquşmalar daxildir. Bu məsələ güllə atılmadan, münaqişə mərhələsinə keçmədən həll edilməyə çalışılır”.
Eldəniz Əmirov vurğulayıb ki, ABŞ gec-tez istədiyinə çatacaq və bu, sadəcə zaman məsələsidir:
“Proses aktiv fazaya keçdiyi dövrdə neft qiymətləri yüksələcək. Ehtiyatlar ABŞ-ın nəzarətinə keçdikdən sonra isə Venesuela nefti xarici bazarlara çıxmağa başlayacaq və həmin vaxt neft qiymətləri aşağı düşəcək. Bu, Azərbaycana da təsir edəcək”.
İqtisadçı əlavə edib ki, neft qiymətlərinin kəskin şəkildə enməsi gözlənilmir: “ABŞ özü də neft qiymətlərinin kəskin ucuzlaşmasında maraqlı deyil, ən azı Venesuela neftinin ixracı baxımından. Orta perspektivdə neft qiymətlərində uzunmüddətli və kəskin enişlər olacağını gözləmirəm. Bunun ümumilikdə Cənubi Qafqaza da böyük təsiri olmayacaq”.