İranda milli valyutanın (rial) rekord səviyyədə dəyər itirməsindən sonra başlayan etiraz aksiyaları üç gündür davam edir.
Modern.az xəbər verir ki, etirazlar paytaxt Tehrandan ölkənin bir çox şəhərinə yayılıb.
Yüksək inflyasiya və milli valyutanın sürətlə dəyərdən düşməsi fonunda başlanan etirazlar ilk olaraq dekabrın 29-da Tehranın qapalı bazarında alqı-satqı ilə məşğul olanların tətilə çıxması ilə gündəmə gəlib.
Etiraz aksiyaları Kərac, Həmədan, Keşm, Malard, İsfahan, Kirmanşah, Şiraz və Yezd şəhərlərində də keçirilib. Görüntülərdə təhlükəsizlik qüvvələrinin nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdiyi əks olunub.
İran hökuməti etirazlardan xəbərdar olduğunu açıqlayıb, etirazçıları səbrlə dinləyəcəyini bildirib. İran Prezidenti Məsud Pezeşkian dekabrın 29-u axşam saatlarında X sosial şəbəkəsində paylaşım edərək, daxili işlər nazirinə etirazçıların “nümayəndələri” ilə görüşlər keçirməyi, problemlərin həlli və məsuliyyətli davranış üçün addımlar atmağı tapşırdığını bəyan edib.
Eyni gün Pezeşkian İran Mərkəzi Bankının sədri Məhəmmədreza Farzinin istefasını qəbul edib. Onun yerinə keçmiş iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmati təyin olunub.
Etirazlara universitet tələbələrinin də qoşulduğu bildirilir. Aksiyalar zamanı ölkədə ali hakimiyyətə sahib olan dini lider Ayətullah Əli Xameneiyə istinadla “Diktatora ölüm” kimi hökumət əleyhinə şüarların səsləndirildiyi qeyd olunur. Bəzi nümayişçilərin isə 1979-cu il İslam İnqilabı zamanı devrilmiş şah Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvini dəstəkləyən “Şah yaşasın” şüarları səsləndirdiyi deyilir.
ABŞ-da yaşayan Rza Pəhləvi X hesabında paylaşım edərək etirazçılara dəstək ifadə edib və rejim hakimiyyətdə qaldığı müddətdə İranın iqtisadi vəziyyətinin daha da pisləşəcəyini bildirib.
ABŞ Dövlət Departamenti də Fars dilindəki rəsmi X hesabı vasitəsilə etirazlara dəstək mesajı yayımlayıb. Açıqlamada illərlə davam edən uğursuz siyasət və zəif iqtisadi idarəçilik səbəbindən “ləyaqətli həyat və daha yaxşı gələcək” axtaran insanların yanında olduqları vurğulanıb və etirazçıların cəsarəti yüksək qiymətləndirilib.
Dekabrın 29-da Florida ştatında ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçirilən görüşdə də İrandakı son hadisələrin əsas müzakirə mövzularından biri olduğu bildirilir. Tramp mətbuat konfransında İranda rejim dəyişikliyini dəstəkləyib-dəstəkləmədiyi barədə açıqlama verməkdən yayınıb, lakin ölkədə yüksək inflyasiya və ağır iqtisadi vəziyyətin mövcud olduğunu bildirib. O, həmçinin İranın ballistik raket və ya nüvə proqramını yenidən genişləndirməsi halında İsrailin hava zərbələrinə dəstək verə biləcəyini deyib.
Xatırladaq ki, bu ilin iyununda İsrail və İran arasında 12 gün davam edən münaqişə zamanı ABŞ İranın əsas uranın zənginləşdirilməsi obyektlərinə hava zərbələri endirmişdi. İran isə nüvə proqramının tamamilə dinc məqsədlər daşıdığını israrla bəyan edir.