“Prezidentimiz cənab İlham Əliyevin imzaladığı Sərəncamla 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmağım mənim üçün böyük şərəf, eyni zamanda ömür yoluma verilən yüksək dövlət qiymətidir. Bu ali mükafatın mənə layiq görülməsini Azərbaycan dövlətinin, onun rəhbərinin uzun illər ərzində gördüyüm fəaliyyətə göstərdiyi etimadın və diqqətin təzahürü kimi qəbul edirəm" . Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycanın Türkmənistandakı sabiq səfiri Həsən Zeynalov deyib. Onun sözlərinə görə, həyatının və peşə fəaliyyətinin əsas məqsədi hər zaman dövlətə, xalqa və milli maraqlara sədaqətlə xidmət etmək olub: "Dövlət başçısı tərəfindən belə yüksək qiymətləndirilməyim qürurvericidir. Diplomatik fəaliyyətim dövründə, o cümlədən Azərbaycanın Türkmənistan və Əfqanıstandakı diplomatik missiyalarına rəhbərlik etdiyim illərdə, eləcə də digər ali icra orqanlarında çalışdigim vaxtlarda əməyimə verilən qiymətdir. Bu xidmətlərin dövlət səviyyəsində dəyərləndirilməsi mənim üçün ən böyük mükafatdır. Bu münasibətlə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirir, göstərilən yüksək etimada görə təşəkkür edirəm. Cənab Prezidentə möhkəm cansağlığı, dövlətçilik yolunda uğurlar arzulayıram". A.Qorxmaz