Mühacirətdə - İsveçdəki Qocalar Evində yaşayan Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şahin Tağıyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Şahin Tağıyev 2001-ci ildən Azərbaycanı tərk edərək Avropaya köçmüşdü. Modern.az saytı mərhum Milli Qəhrəmanın dosyesini təqdim edir: Əslən Şuşadan olan Şahin Talıb oğlu Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. Kiçik yaşlarından Bakıya köçüb, uşaqlıq illəri Bakının Bülbülə qəsəbəsində keçib, burada böyüyüb. Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə gedib və beşinci sinfə qədər burada təhsil alıb. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirib. Daha sonra Energetika texnikumuna daxil olub. 1969-cu ildə texnikumu bitirib və təyinatla Rusiyaya - Udmurt vilayətinə göndərilib. Gənc yaşlarında Rusiya və Azərbaycanda əvvəlcə energetika, sonra ticarət sahələrində işləyib. 1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə gedib, leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə atılıb.
A.Qorxmaz