Türkiyə Cümhuriyyəti turizmi ilə dünyada çox məşhurdur. Bunu qardaş ölkəyə səfər edən hər kəs rahatlıqla söyləyə bilir.
Türkiyəyə hər səfər insanın yaddaşında silinməz izlər buraxır, qəlbin hüzur verir. Qardaş ölkə öz tarixi, insanları, coğrafiyası ilə insanı sehrləyir... Anadolu bölgəsi isə bir başqa aləmdir, möcüzəli diyardır.
Anadolu bölgəsi Türkiyə üçün həm tarixi, həm siyasi, həm də mədəni baxımdan mühüm əhəmiyyət kəsb edir. Anadolu minilliklər boyu böyük sivilizasiyaların beşiyi olub. Səlcuqluların və daha sonra Osmanlı imperiyasının əsas mərkəzi kimi tanınıb. Anadolu bölgəsi həm də Asiya ilə Avropanı birləşdirən strateji körpü rolunu oynayır. Bir sözlə Anadolu Türkiyənin ürəyidir. Bu bölgə tarixi yaddaşı, milli ruhu ilə fərqlənir. Türkiyəni Anadolu olmadan təsəvvür etmək demək olar ki, mümkün deyil.
Şərqi Anadolunun Muş, Bitlis, Siirt və Batman bölgələri həm təbiəti, həm də insanı ilə adamı valeh edir. Lakin bu yolçuluqda bir məkan var ki, digərlərindən tamamilə fərqlənir. Bu yer Həsənkeyfdir...
Batman bölgəsinə məxsus Həsənkeyf təkcə bir yaşayış məkanı deyil, sanki minilliklərin içindən süzülüb gələn canlı bir tarixdir.
Dəclə çayının sahilində dayandıqda zaman sanki dayanır. Suyun səthi sakitdir, amma bu sakitliyin altında minilliklərin səsi yatır. Bələdçilərimiz dedilər ki, buranın bir hissəsi bir vaxtlar suyun altında qalıb. Daha sonralar isə insan əli ilə yaradılan su anbarı Həsənkeyfin taleyini dəyişib.
Tarixi abidələrin bir qismi sökülərək yeni əraziyə köçürülüb. Abidələrin köçürüldüyünü eşidəndə qəribə bir hiss keçirdim. Daş da, abidə də köçərmi? Demə, köçürürmüşlər. Min illərin yükünü daşıyan abidələri başqa yerə köçürüblər ki, tarixin izi itməsin.
Dəclə çayının sahilindəki məkan
Təbii ki, bu köçürmə sadəcə daşların yerini dəyişmək deyil, tarixin, yaşananların silinməməsi məqsədilə edilib. Bu gözəl məkanı ziyarətə Həsənkeyf muzeyi ilə başladıq. Muzeydə qədim sivilizasiyaların izlərini, bu torpaqlardan keçən mədəniyyətlərin bir-birinə qarışan izlərini görmək mümkündür. Hər eksponat sanki “burada bir həyat var idi” deyə pıçıldayırdı. Həsənkeyf muzeyində dolaşarkən hər vitrində bir həyat, hər daşda bir nəfəs hiss olunur. Bu muzey əşyaların deyil, xatirələrin, tarixin, yaşananların evidir...
Səfərimizin ən yaddaqalan anlarından biri qayıq səyahəti oldu. Qayıq şütüdükcə, yarı suya qərq olmuş qayalar, mağaralar gözə dəyirdi. Qəribə mənzərə idi. Kaş insan gördüklərini tam dəqiqliyi ilə tam təsvir etmək imkanına malik olaydı... İllərin şahidi olan qayalıqlarda yuva quran quşlar sanki insanları qarşılayırdılar. Dilləri olsaydı, bəlkə soruşardılar ki, sizi bura gətirən nədir və niyə bizim rahatlığımıza mane olursunuz?
Qayıqla səyahət isə sanki bir yuxu idi. Yerli bələdçi deyəndə ki, “Dağların arxasında hələ də yaşayanlar var və onlar hardasa 2-3 ailədir.” Bu sözlər mənə qəribə gəldi. Hələ də mağaralarda yaşayan insanlar varmı… Zamanın tərk etdiyi, amma torpağın qoynundan ayrılmayan insanlar. Onlar dağlarda mal-qara, qoyun otarır, bu torpaqla nəfəs alırlar və sanki Həsənkeyf onları qoruyur, onlar da Həsənkeyfi. Müasir dünyanın sürətindən uzaqda, qədim həyat tərzini qoruyub saxlayan bu insanlar Həsənkeyfin ruhunun hələ də yaşadığını sübut edir.
Ziyarət etdiyimiz məkanlardan biri də Zeynal bəy türbəsi oldu. Türbənin qarşısında dayananda qəribə hisslər yaşadım. Türbənin yalnız bir şəxsə deyil, bütöv bir keçmişə aid olması hər halından bəlli idi. Türbənin memarlığı və tarixi əhəmiyyəti çox böyükdür. Vaxtilə su altında qalmaq təhlükəsi ilə üz-üzə qalan bu abidə də köçürülərək qorunub. Bu, keçmişə göstərilən ehtiramın bariz nümunəsidir və Zeynal bəy türbəsi sanki bununla zamana meydan oxuyur.
Səfərimiz yalnız tarixi yerləri ziyarət etməklə məhdudlaşmadı. Həsənkeyfin mətbəxi ilə tanış olmaq da ayrı bir zövq idi. Yerli yeməklərin dadı, sadə, amma zəngin ləzzəti bu torpaqların ruhunu tamamlayırdı. Hiss olunurdu ki, burada yeməklər də səbrlə və sevgi ilə hazırlanır.
Bir sözlə, Həsənkeyf ziyarəti yaddaşımda dərin izlər buraxdı. Şəhər suyun altında qalsa da, yaddaşlarda yaşayan bir şəhərdir. Tarixin, təbiətin və insanın qovuşduğu bu yer insana bir daha xatırladır ki, bəzi məkanlar xəritədən silinsə belə, hekayələrdən heç vaxt silinmir.
Həsənkeyf indi xəritədə başqa cür görünə bilər. Bəlkə də böyük bir hissəsi suyun altındadır. Amma o Türkiyəni, Şərqi Anadolunu, tarixi sevənlər üçün hələ də yaşayır. Suda əks olunan qayalarda, mağaralarda gizlənən insan nəfəsində, köçürülmüş daşlarda, abidələrdə və susqun türbələrdə…
Bəzi şəhərlər səsi-küyü və hərəkəti ilə özünü anlatmağa çalışır. Bəziləri isə malik olduğu tarixinin ağırlığı ilə susaraq yaşayır. Həsənkeyf kimi...
S.Hakıyeva