Bakı şəhəri Yasamal Rayonu Akim Abbasov küçəsində yerləşən orta məktəblərin birində istilik problemi yaranıb.
Bu vəziyyətdən narahat olan valideynlər bildiriblər ki, bir neçə gündür ərazidə qazıntı işləri aparılır. İstilik olmaması səbəbindən uşaqlar dərs müddətində sinifdə üst geyimlərdə oturmaq məcburiyyətində qalıblar. Hətta bəzi valideynlər vəziyyətdən çıxış yolu kimi, sinifdə isidicilərin alınıb qoyulması barədə fikirlər irəli sürüblər.
Vəziyyət ilə bağlı "Azəristiliktəchizat" ASC-yə müraciət etdik. Qurumun sözcüsü Elvin Basqallı Metbuat.az-a yaranmış problemlə bağlı faktı təsdiq etdi.
“Bir neçə gündür, həmin məktəbin korpuslarının birində istilik təchizatında problem yaranıb. Ərazidə qazıntı işləri aparılıb, təmir prosesindən sonra istilik verilişi bərpa edilib. Sonradan həmin məktəbin istilik xəttində yaranmış daha bir problem səbəbindən yenidən təmir başlayıb, hazırda da davam etməkdədir. Ən qısa vaxtda bu məsələ həllini tapacaqdır”.