Müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası əsasında formalaşan, Vətənə, xalqa sədaqəti, məhəbbəti təcəssüm etdirən dünya azərbaycanlılarının həmrəyliyi bu gün bütün əməli addımlarda və konkret nəticələrdə özünü real məzmuna malik milli-siyasi birlik kimi göstərir.
1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 31 dekabr tarixinin dünya azərbaycanlılarının həmrəylik və birlik günü elan olunması və hər il qeyd edilməsi barədə qərar qəbul etdi.
1993-cü ildə xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra dünyada yaşayan soydaşlarımızın vahid birliyinin formalaşdırılması istiqamətində zəruri addımlar atıldı, həmyerlilərimizin vahid amal ətrafında həmrəyliyi təmin olundu.
1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti dünya birliyinə heç bir əsası olmayan, həqiqəti əks etdirməyən informasiyalar əsasında təqdim olunurdu. Bu xüsusda, Ümummilli Lider Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatırılmasını dövlətin fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Vahid dövlət strategiyasının müəyyənləşməsi, diaspor quruculuğu istiqamətində qısa müddətdə ciddi nailiyyətlər əldə edildi.
Dahi lider Heydər Əliyev diasporumuzun azərbaycançılıq ideologiyası ətrafında sıx birliyinin qurulmasına və təşkilatlanmasına nail oldu. Ümummilli Liderin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu təbii ki, dünya azərbaycanlılarının doğma Vətən ilə əlaqələrinin möhkəmləndirilməsində müstəsna rol oynadı. Eyni zamanda bu sahədə vahid dövlət siyasətinin uğurla həyata keçirilməsinə mühüm təkan verən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi təsis olundu. Həmçinin “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirərək ötən illər ərzində diaspor fəaliyyətinin müasir dövrün çağırışları nəzərə alınmaqla həyata keçirilməsini təmin edib. Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində ötən illər ərzində dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın həmrəyliyi daha da möhkəmləndirilib. Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işində diasporumuzun uğurlu fəaliyyətini xüsusi qeyd etmək istərdim. Dövlət maraqlarının qorunması, ölkəmizin tanıdılması istiqamətlərində diaspor təşkilatlarının səmərəli və sistemli fəaliyyəti təmin olunub.
Dünya azərbaycanlılarının 44 günlük Vətən müharibəsi, antiterror əməliyyatı dövründə, ondan sonrakı mərhələdəki fəaliyyəti uzun illər ərzində aparılan ardıcıl siyasətin məntiqi nəticəsi idi. Bu gün dünyanın müxtəlif bölgələrində məskunlaşan soydaşlarımız doğma Vətən, qüdrətli Azərbaycan ilə fəxr duyurlar.
Şahin İsmayılov
Milli Məclisin deputatı