Naxçıvanda minlərlə mədəniyyət işçisinin hər birinin maaşının 100-200 manat azaldıldığı iddia edilir.
Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a bir qrup əməkdaş məlumat verib.
Əməkdaşlar deyirlər ki, bundan əlavə, nazirlik onların məzuniyyət pullarını da mənimsəyib.
Noyabrın sonlarında rayon və şəhər mədəniyyət idarələri ləğv olunub, onlar yeni yaradılmış regonal mədəniyyət idarələrinə birləşdiriliblər.
Narazı əməkdaşlar “büdcə kəsiri” bəhanəsinə inanmadıqlarını, maaşlarının birbaşa nazir tərəfindən mənimsənildiyini iddia edirlər.
Məsələ ilə bağlı Naxçıvan Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq.
Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, noyabrın 4-ü nazirliyin strukturunda dəyişiklik olunub və müvafiq regional idarələr yaradılıb.
“İşçilər regionallaşma ilə bağlı (VÖEN və yeni hesab nömrələrinə görə) öz ərizələri əsasında işdən azad olunub və yenidən təyin olunublar. Bu zaman qanunvericiliyə uyğun olaraq onlara kompensasiya ödənilib. Qeyd olunanlar əsassız şayiələrdir. Mədəniyyət sistemində çalışan əməkdaşların əməkhaqqıları qanunauyğun qaydada hesablanıb və vaxtında əməkhaqqı kartlarına köçürülüb. Nazirliyin bütün əməkdaşlarının əmək müqavilələrində əməkhaqqının ödəniş tarixi hər ayın sonuncu iş günü qeyd olunub. Digər məsələ ilə bağlı bildiririk ki, nazirliyin sistemində 4000-ə yaxın əməkdaş çalışır ki, onlardan 1000 nəfərdən çoxunu müəllimlər təşkil edir. Necə ola bilər ki, əməkhaqqılarda azalmalar olsun. Nazirliyin sistemində elə müəssisələr də var ki, struktur dəyişikliyi onlara şamil olunmayıb. Digər sahələrdə çalışan işçilər isə müvafiq vəzifələrə keçiriliblər. Qeyd olunanlar həqiqəti əks etdirmir. Hətta bir çox işçilərin əməkhaqqılarında artımlar da var. Nəzərə alınmalıdır ki, struktur dəyişikliyi zamanı bir çox müəssisələr ləğv olunur. Bu zaman işçilər azad olunmalı idilər, lakin Nazirlikdə aparılan struktur dəyişikliyi zamanı yeni iş yerləri də açılıb və bütün işçilərə öz yaşadıqları ünvana yaxın ərazilərdə müvafiq vəzifə təklifləri verilib və yerləşdiriliblər”, - deyə məlumatda qeyd edilib.