Tacikistan və Əfqanıstan sərhədində toqquşma baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. Məlumata görə, sərhədçilərlə Əfqanıstandan Tacikistana soxulmağa çalışan silahlı şəxslər arasında baş verən qarşıdurmada iki sərhədçi də daxil olmaqla beş nəfər həlak olub. Bildirilir ki, sərhədi qanunsuz keçməyə çalışan üç nəfər Xatlon vilayətinin Şəmsəddin Şoxin rayonu yaxınlığında sərhədçilər tərəfindən zərərsizləşdirilib. Hadisə yerində üç M16 tüfəngi, bir Kalaşnikov tüfəngi, üç xarici istehsal səsboğucu tapança, 10 qumbara, partlayıcı maddələr və müxtəlif sursat müsadirə edilib.
Yerli mənbələrin məlumatına görə, qarşıdurmadan sonra sərhəddə vəziyyət sakitdir. Hadisə ilə bağlı araşdırma davam edir.