ABŞ Müdafiə Nazirliyi Çinin müharibəyə hazırlaşdığı və nüvə arsenalını sürətlə artırdığı barədə xəbərdarlıq edib. Bu halda yaxın illərdə ABŞ–Çin arasında müharibə başlaya bilər?
Politoloq Natiq Miri Metbuat.az-a açıqlamasında bildirib ki, nüvə müharibəsi geriyə dönüşü olmayan bir müharibədir. Bu, təkcə ABŞ və Çin üçün deyil, bütövlükdə insanlıq üçün böyük bir faciə və hətta yox olma prosesi ola bilər:
“Bu baxımdan məsuliyyət yalnız iki dövlətin üzərinə düşmür. Məhz buna görə də nüvə silahlarının sayının artması avtomatik olaraq müharibənin başlanması ehtimalını artırmır. Çünki nüvə silahları daha çox çəkindirici amil kimi çıxış edir və qorxutma xarakteri daşıyır. Nüvə silahından istifadə qarşılıqlı vəziyyət yaradır ki, bu da Yer kürəsinin tamamilə məhv olması ilə nəticələnə bilər. Bu baxımdan Çində nüvə silahlarının artırılması daha çox çəkindirici məqsəd daşıyır. Çin artıq qlobal güc balansında ABŞ-dan sonra ikinci pillədə qərarlaşan dövlətdir. Lakin nüvə arsenalının həcmi və miqyasına görə hələ də ABŞ və Rusiyadan geri qalır. Görünür, Pekin hesab edir ki, nüvə silahlarını artırmaq və yeniləmək lazımdır ki, perspektivdə ABŞ Çinə özündən zəif bir dövlət kimi yanaşmasın”.
Politoloqun sözlərinə görə, hazırkı vəziyyətdə əsas problem beynəlxalq münasibətlərdə güc amilinin ön plana çıxmasıdır:
“Xüsusilə Donald Trampın hakimiyyətə gəlişindən sonra Rusiyanın Ukrayna ərazilərini işğal etməsinə baxmayaraq, beynəlxalq səviyyədə ciddi şəkildə cəzalandırılmaması və beynəlxalq məsuliyyətə cəlb olunmaması bu amili daha da gücləndirib. Üstəlik, hücuma məruz qalan Ukraynanın güzəştə vadar edilməsi siyasəti güc faktorunu zəiflətmir, əksinə, artırır. Bu isə digər dövlətlərin də gələcəkdə gücə üstünlük verməsi təhlükəsini yaradır. Problem də məhz buradadır. Bu səbəbdən güc amili Çində də ciddi şəkildə nəzərə alınır və nüvə silahlarının artırılması məsələsi gündəmə gətirilir”.
Bunun dünya üçün ciddi təhlükə olduğunu istisna etməyən N.Miri qeyd edib ki, Çində nüvə silahlarının artırılmasının yaxın perspektivdə ABŞ və Çin arasında birbaşa qarşıdurmaya səbəb olacağını demək olmaz:
“Hazırda belə bir vəziyyət yoxdur. Əgər olsaydı, Çin böyük maliyyə xərcləri tələb edən nüvə arsenalının genişləndirilməsi ilə kifayətlənməz, ən azından özünün tərkib hissəsi hesab etdiyi Tayvanı hərbi əməliyyatlarla geri qaytarmağa cəhd edərdi. Burada Çin üçün ciddi risk amillərinin olduğu açıq görünür. Əks halda, Pekin Tayvanı çoxdan öz ərazisinə birləşdirərdi. Çünki Tayvanı müdafiə edən ABŞ və onun müttəfiqləri Sakit okean və Hind okeanı hövzəsində fəal mövqedədir. Bu səbəbdən məsələ o qədər də sadə deyil. Tayvanın hələ də “azad olunmamasının” əsas səbəbi Çinin böyükmiqyaslı müharibədən çəkinməsidir. Çünki müharibə istənilən dövləti zəiflədir. Eyni zamanda Ukrayna–Rusiya müharibəsində Rusiyaya açıq şəkildə dəstək verən Çin amili də mövcuddur. Çin bunu ona görə edir ki, Qərb dövlətlərinin enerjisi bu müharibədə tükənsin və onların diqqəti uzun müddət bu məsələyə yönəlsin”.
Sevinc İbrahimzadə / Metbuat.az
