"Təhsil tələbə kreditlərinə müraciətlərdən imtinanın sosial və standart kredit növləri üzrə fərqli səbəbləri mövcuddur".
Metbuat.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun hesabat tədbirində Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov məlumat verib.
Onun sözlərinə görə, sosial istiqamət üzrə kredit verilməsindən imtina hallarının əsas səbəbi tələbənin qanunvericilikdə nəzərdə tutulan sosial status meyarlarına uyğun gəlməməsidir. Standart kreditlər üzrə isə imtina yalnız tələbənin təhsil göstəriciləri ilə bağlı olur. Belə ki, semestr imtahanlarında 71 baldan aşağı nəticə göstərən və ya kəsiri olan tələbələrin kredit müraciətləri təmin edilmir.
Bəhruz Əzimov həmçinin bildirib ki, peşə təhsili sahəsində infrastrukturun yaxşılaşdırılması və maddi-texniki bazanın gücləndirilməsi təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək və bu da tələbə kreditlərinə müraciət edənlərin sayının artmasına şərait yaradacaq.
Fond rəhbəri qeyd edib ki, son 4 il ərzində TTKF tərəfindən 761 min manata yaxın təhsil krediti vəsaiti bağışlanıb. Onun sözlərinə görə, kreditlərin geri ödənişi mərhələsində akademik göstəriciləri yüksək olan məzunlara dövlət tərəfindən müəyyən güzəştlər tətbiq olunur. Belə ki, 681 sosial kredit müqaviləsi üzrə 50%, 1 679 standart kredit müqaviləsi üzrə isə 25% məbləğində güzəştlər edilib.
Qeyd olunub ki, ümumilikdə tətbiq edilən güzəştlər nəticəsində yüz minlərlə manatlıq kredit vəsaiti dövlət tərəfindən qarşılanıb.