Bakıda Beynəlxalq Avtovağzal Kompleksinin yerləşdiyi ərazi uzun illərdir cəmiyyətin müzakirə mərkəzindədir. Belə ki, paytaxtın əsas giriş-çıxış nöqtələrindən biri olan bu nəqliyyat qovşağının şəhərsalma baxımından əlverişli mövqedə yerləşmədiyi, ətraf ərazilərdə nəqliyyat sıxlığı yaratdığı və sərnişin rahatlığı baxımından müasir tələblərə tam cavab vermədiyi tez-tez vurğulanır. Bütün bu müzakirələr fonunda avtovağzalın yerinin dəyişdirilib-dəyişdirilməməsi məsələsi də gündəmə gəlir.
Bir çoxlarının fikrincə, mövcud məkan optimal hesab edilə bilməz və alternativ ərazilərə köçürülməsi daha məqsədəuyğun ola bilər. Belə olan halda isə hansı istiqamətin daha uyğun olacağı sualı aktuallaşır. Bununla yanaşı, avtovağzalın memarlıq, eləcə də binanın estetik baxımdan şəhər mühitinə uyğunlaşmadığı, funksional planlaşdırma baxımından gözləntiləri doğrultmadığı da qeyd olunur.
Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə məsələyə öz münasibətini bildirərək, avtovağzalın yerinin məkan baxımından dəyişdirilməsinin zəruri olduğunu düşünmədiyini qeyd edib. Onun sözlərinə görə, avtovağzal şəhərin şimal girişində yerləşir və “Avtovağzal” metro stansiyasına yaxındır. Bundan əlavə, yol infrastrukturu baxımından da Bakı ətraf dairəvi yoluna çıxışı mövcuddur.
“Lakin binanın özünün dizaynı və quruluşu ilə bağlı dəyişikliklərin nəzərdən keçirilməsi məqsədəuyğun olardı. Bu mövzuda fərqli mövqelər ola bilər, amma mənim fikrimcə, daha müasir dizaynlı və müasir tələblərə cavab verən bir avtovağzalın inşa edilməsi daha məqsədəuyğundur”.
Sədr müavini həmçinin vurğulayıb ki, bundan əlavə, şəhərin qərb istiqamətindən girişində də yeni bir avtovağzalın inşa edilməsi məsələsinə baxıla bilər:
“Bu mövzuda xüsusilə nəqliyyat sahəsi üzrə mütəxəssislərin mövqeyinin öyrənilməsi daha düzgün yanaşma olardı. Şəhərin bir tərəfdən şimal girişində, digər tərəfdən isə cənub-qərb istiqamətində - Bayıl ərazisi istiqamətində, əlavə avtovağzalların olması qərb, cənub və şimal rayonlarına hərəkətin daha səmərəli təşkili baxımından faydalı ola bilər”,- deyə o A.Əlizadə bildirib.
Tanınmış memar Cahid Həsənov isə qeyd edib ki, Bakı avtovağzalının yerinin dəyişdirilməsi məsələsi gündəmə gəlməsinin əsas səbəblərindən biri onun avtomobil magistral yolunun Sumqayıt-Bakı yolunun üzərində yerləşməsi və bunun yol sıxlığına, xüsusilə də 20 Yanvar istiqamətinə qədər uzanan tıxaclara səbəb olmasıdır. Onun fikrincə, bu məsələ əlaqədar qurumların apardığı rəsmi hesabatlara əsaslanmalıdır.
“Əgər doğrudan da mövcud yer problemlər yaradırsa, onun dəyişdirilməsinə ehtiyac var.
Amma əsas sual budur: yeri dəyişdirilən avtovağzal harada yerləşməlidir? Ola bilsin ki, bu obyekt 10-12 il əvvəl həmin ərazidə inşa olunub və müəyyən müddət keçdikdən sonra problem yaratmağa başlayıb. Bu isə onu göstərir ki, düzgün və uzunmüddətli hesabat aparılmayıb. Kim zəmanət verə bilər ki, avtovağzalın, məsələn, Lökbatan istiqamətinə köçürülməsi 10 il sonra yenidən sıxlıq və tıxac problemi yaratmayacaq?”
C.Həsənov əlavə edib ki, məhz bu səbəbdən planlama 30-50 illik perspektiv əsasında aparılmalıdır:
Beləliklə, avtovağzalın hər 10-15 ildən bir yerinin dəyişdirilməsi ilə problem həll olunmur. Dünyanın bir çox ölkələrində 50, 100, hətta 150-200 il yerini dəyişməyən strateji məkanlar var. Məhz bu baxımdan da hesablamalar düzgün və vaxtında aparılmalıdır”.
Müsahibimiz həmçinin bildirib ki, memarlıq baxımından da bu cür obyektlər şəhərin ümumi memarlıq ansamblına uyğun olmalıdır:
“Aeroportlar kimi strateji əhəmiyyət daşıyan, xaricdən və regionlardan insanların gəlib-getdiyi məkanların vizual görünüşü xüsusi diqqət tələb edir. Bəzən inzibati bina tikilir, amma zahiri görünüşü zavodu xatırladır. Halbuki hər sahənin özünə uyğun memarlıq dili olmalıdır.
Avtovağzalın inşasında milli və klassik memarlıq elementləri müasir üslubla vəhdət təşkil etməlidir. Klassika ilə modernin düzgün sintezi uzun illər аktuallığını qoruyan və zamanla tarixi memarlıq nümunəsinə çevrilən layihələr yaradır. Bu, çox vacib məsələdir”.
Həmsöhbətimizin sözlərinə görə, belə mühüm layihələrdə açıq müzakirə mühiti yaradılmalı, özəl memarlar və dizaynerlər cəlb olunmalıdır:
“İşçi qrupları yaradılmalı, layihələrin hazırlanması, təsdiqi və icrasında geniş iştirak təmin edilməlidir. Bu, təkcə bir qurumun və ya qanunun çərçivəsi ilə məhdudlaşmamalıdır.
Açıq qapı günləri təşkil olunmalı, bu sahədə təcrübəsi və ideyası olan hər kəs layihə təqdim etmək və ictimai əsaslarla komissiyada iştirak etmək imkanı qazanmalıdır. Bizim memarlarımız buna hazırdır. Çox dəyərli, fərqli və yaradıcı ideyalar ortaya çıxa bilər.
Hər bir yeni layihə Azərbaycan memarlığına yenilik gətirir. Fərqli baxışlar, yanaşmalar və düşüncələr rəqabət mühitində daha güclü və keyfiyyətli nəticələr doğurur. İnternetdən götürülmüş, standart layihələrin üzərində cüzi dəyişikliklər edib bu cür strateji obyektlərə təsdiq vermək düzgün yanaşma deyil”,- deyə C.Həsənov fikrini yekunlaşdırıb.