Azərbaycanda pay torpağı və digər torpaq sahələrinə sahib olan vətəndaşlar torpaqdan istifadə edib-etməməsindən asılı olmayaraq torpaq vergisi ödəməlidirlər. Bu, qanunla müəyyən edilmiş illik vergi öhdəliyidir.
Metbuat.az-ın məlumatına görə, qanunvericiliyə əsasən, torpaqlar vergi məqsədi ilə üç yerə bölünür: kənd təsərrüfatı üçün istifadə olunan torpaqlar, kənd təsərrüfatı üçün nəzərdə tutulub istifadə edilməyən sahələr və yaşayış, sənaye, nəqliyyat kimi digər məqsədlər üçün istifadə olunan torpaqlar. Torpaq vergisinin məbləği bu bölgüyə, torpağın sahəsinə və yerləşdiyi əraziyə əsasən hesablanır.
Torpaq vergisi torpaq sahəsinin gəlir gətirib-gətirməməsindən asılı deyil. Yəni torpaq boş qalsa belə, sahibinin vergi ödəmək öhdəliyi qalır. Fiziki şəxslər üçün bu vergi əsasən bələdiyyələr tərəfindən hesablanır və vətəndaşa rəsmi bildiriş göndərilir.
Qanuna əsasən, bələdiyyələr bəzi hallarda müəyyən şəxsləri torpaq vergisindən tam və ya qismən azad edə və ya vergi məbləğini azalda bilərlər. Bu isə torpağın yerləşdiyi əraziyə və yerli qərarlara bağlıdır.
Pay torpağı kənd təsərrüfatı üçün yararlı sahə hesab olunur. Belə torpağı olan şəxs mülkiyyət sənədini aldıqdan sonra vergi uçotuna düşməli və məcburi dövlət sosial sığortası sisteminə daxil edilməlidir. Sosial sığorta haqqı torpaqdan istifadə edən ailə üzvləri üçün minimum əməkhaqqının 6 faizi həcmində müəyyən edilir.
Əgər torpaq sahəsi müvəqqəti istifadə olunmursa, sahibinin bunu rəsmi qaydada bildirmək hüququ var. Bu halda sosial sığorta ödənişləri dayandırıla bilər, lakin torpaq vergisi öhdəliyi qüvvədə qalır. Sadə dillə desək, pay torpağı və ya digər torpaq sahəsi vətəndaşın adınadırsa, həmin torpaq üçün hər il torpaq vergisi ödənilməlidir.
Sevinc İbrahimzadə / Metbuat.az