Azərbaycanda istehlak kreditlərinin ÜDM-yə nisbəti 7-8 % təşkil edir, bu göstərici "benchmark" ölkələri ilə müqayisədə aşağıdır.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə bankların kredit portfeli 30 milyard manat, istehlak kreditləri isə 9,3 milyard manat təşkil edir: "Bu rəqəmi ümumi daxili məhsula bölsək, istehlak kreditlərinin payı 7-8 %-dir. Bu göstəricini "benchmark" ölkələri ilə müqayisə etsək görərik ki, bizdə kreditləşmənin dərinliyi aşağıdır, deməli kredit portfelin artım potensialı var, bundan çəkinmək lazım deyil".
AMB rəsmisi qeyd edib ki, qurumun maliyyə bazarında tənzimləyici və nəzarətedici orqan kimi baxışı ondan ibarətdir ki, kreditləşmə, xüsusilə əhalinin kreditləşməsi sağlam və məsuliyyətli prinsiplərə əsaslanmalıdır: "Bu o deməkdir ki, əhalinin borclanması onların gəlirlərinə mütənasib formada olmalıdır. Məhz bu formada AMB öz prudensial siyasətini və yaxud qanunvericilik çərçivəsini formalaşdırır ki, əhalidə izafi borclanma olmasın. Biz həm əhalinin kreditləşmə dinamikasını, həm də kredit portfelinin keyfiyyətini daim monitorinq edirik, onun nəticələrini ictimaiyyətlə bölüşürük. AMB-nin saytındakı müvafiq hesabatlarda bu rəqəmlərlə tanış olmaq mümkündür".
A.Həsənov əlavə edib ki, Azərbaycanda problemli kreditlərin məbləği son beş ilin orta göstəricisindən daha aşağıdır:
"Son bir ildə bir az artım olsa da, bu artım riskli xarakter daşımır. Bizım təhlillərimiz göstərir ki, əhalinin borclanması da riskli xarakter daşımır və sağlam, AMB-nin müəyyən etdiyi prinsiplərə əsaslanır. Bir çox hallarda insanlar banklara kredit üçün müraciət edəndə, banklar hesablayıb deyir ki, sizə filan məbləğdə kredit düşür. Bu artıq AMB-nin müəyyən etdiyi qaydalar əsasında olur. Bu qaydaya biz BGN qaydası deyirik - yəni borcun gəlirə nisbəti. Bu o deməkdir ki, ay ərzində əhalinin ödədiyi borc yükü onun gəlirinin müəyyən hissəsi qədər ola bilər. 2019-cu ildə edilmiş dəyişikliklərlə əhalinin aylıq borc yükü onun gəlirinin 45 %-dən çox olurdusa, bu halda banklara daha yüksək ehtiyat tələbi və daha yüksək risk üzrə ölçülmüş aktiv tələbi qoyulurdu. 2022-ci ildən 70 %-dən yuxarı borclanma məhdudlaşdırılıb. Bu o deməkdir ki, əhalinin borc yükü onların gəlirlərinin 70 %-dən çox ola bilməz. Düşünürük ki, bu tənzimləmələr bizi ən çox narahat edən məsələnin - izafi borclanma üzrə risklərin qarşısını alır".