"Dini dözümsüzlük və qarşılıqlı dini qəbuletmənin olmaması dünya miqyasında baş verən müharibələrin əsas səbəbləri sırasında yer alır".
Metbuat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda səsləndirib.
deputat bildirib ki, hər bir insan öz dini seçimini sərbəst şəkildə yaşamaq hüququna malikdir və heç kim başqasına hansı dinə inanmalı olduğunu diktə edə bilməz. Onun sözlərinə görə, inanan insan öz inancını doğru hesab edir və bu seçimə hörmətlə yanaşmaq cəmiyyətin əsas prinsiplərindən biri olmalıdır.
Fazil Mustafa vurğulayıb ki, Azərbaycan Konstitusiyası dini etiqad azadlığını açıq şəkildə təmin edir və heç kimin dini baxımdan məcbur edilməsinə yol verilmir. Bu prinsip yalnız ölkəmiz üçün deyil, bütün müasir və demokratik cəmiyyətlər üçün “qırmızı xətt” hesab olunur.
Deputat qeyd edib ki, texnologiyanın sürətli inkişafına baxmayaraq, dünyada dini icmalar və konfessiyalar arasında dialoqun qeyri-müntəzəm aparılması qlobal sülhün möhkəmlənməsini çətinləşdirir. Onun fikrincə, davamlı sülh mühitinin formalaşdırılması üçün dini tolerantlıq həlledici amildir və bu baxımdan dövlət–din münasibətləri düzgün şəkildə tənzimlənməlidir.
“Demokratik dövlətlər vətəndaşların dini azadlıqlarına hörmət etməli, bütün dini etiqadlara bərabər yanaşmalıdır. Dövlət yalnız insan hüquq və azadlıqlarına zidd olan dini inanclara qarşı hüquqi çərçivə müəyyən edə bilər”, – deyə Fazil Mustafa bildirib.
O əlavə edib ki, Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər dini sülhün, tolerantlığın və insan hüquqlarının qorunmasına mühüm töhfə verir, eyni zamanda yerli və xarici, o cümlədən qardaş ölkələrdən olan nümayəndələr arasında təcrübə mübadiləsi üçün əlverişli platforma yaradır.