Müasir texnologiyaların sürətli inkişafı dinə təsir edən əsas amillərdən birinə çevrilib.
Metbuat.az xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda səsləndirib.
Nazir müavini bildirib ki, bu gün demək olar ki, bütün ailələrin internetə çıxış imkanı var və dinlə bağlı müxtəlif məlumatlar rəqəmsal platformalar vasitəsilə geniş auditoriyaya çatdırılır. Onun sözlərinə görə, orta məktəblərdə “Həyat bilgisi” fənni çərçivəsində şagirdlərə ilkin dini biliklər verilir, eyni zamanda bir sıra mənəvi-əxlaqi dəyərlər aşılanır. Lakin ümumilikdə təhsil sistemində dini təbliğin aparılması düzgün yanaşma deyil və bu, Konstitusiyada da öz əksini tapır.
Firudin Qurbanov vurğulayıb ki, Azərbaycan dünyəvi dövlətdir və burada hər bir insana dini baxımdan tam azadlıq verilir. Ölkədə müxtəlif dinlər haqqında məlumatların təqdim edilməsi üçün münbit şərait yaradılıb. Nazir müavini bunu Azərbaycanın tolerantlıq ənənələrinin göstəricisi kimi dəyərləndirib və qeyd edib ki, ölkədə Alban kilsəsinin fəaliyyət göstərməsi də bunun bariz nümunəsidir. O, Prezident İlham Əliyevin dini dəyərlərin qorunub saxlanmasının vacibliyi ilə bağlı dəfələrlə səsləndirdiyi fikirləri xatırladıb.
Çıxışda müasir texnologiyaların, xüsusilə süni intellektin bu sahədə yeni imkanlar yaratdığı qeyd olunub. Bununla yanaşı, uşaqların yalnız faydalı biliklərə deyil, eyni zamanda onların mənəvi inkişafına mənfi təsir göstərə biləcək məlumatlara da çıxış əldə etdikləri vurğulanıb. Nazir müavini əsas məsələnin uşaqların bu cür təsirlərdən necə qorunması olduğunu bildirib.
Onun sözlərinə görə, bir sıra dövlətlər sosial şəbəkələrdən istifadəyə müəyyən yaş kateqoriyaları üzrə məhdudiyyətlər tətbiq etməyə məcbur qalır. Xüsusilə “Instagram” və “TikTok” kimi platformaların uşaqları zərərli vərdişlərə yönləndirmə riski daşıdığı qeyd edilib. Bu baxımdan cəmiyyətin birgə mövqe ortaya qoymasının vacibliyi vurğulanıb.
“Bu gün uşaqdır, sabah xalqdır. Uşağı necə formalaşdırırıqsa, gələcəkdə cəmiyyət də elə olacaq. Uşaqlar həyatın mənasını dərk etməli, onlara düzgün istiqamət verilməlidir ki, savabla günahı ayırd edə bilsinlər”, – deyə Firudin Qurbanov bildirib.
Nazir müavini əlavə edib ki, hazırda bu məsələ həm təhsil sisteminin, həm də ailənin qarşısında duran əsas vəzifələrdən biridir.