Prezidentin sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, bu sahənin həm də iqtisadi, sosial və mədəni inkişafın strateji aləti kimi dəyərləndirildiyini göstərir. Şəhərlərin planlanması, ictimai məkanların funksionallığı, tarixi-memarlıq irsinin qorunması və yeni tikinti mühitinin keyfiyyəti ilə bağlı məsələlər bu il çərçivəsində qanunvericilik müstəvisində də yenidən gündəmə gətiriləcəyi istisna edilmir. Modern.az 2026-cı il həm urbanistik yanaşmaların, həm də milli memarlıq üslubunun qorunması sahəsində qanunvericilikdə hansı dəyişikliklərin olacağı da maraq doğurur.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının böyük əhəmiyyəti olduğunu qeyd edib. “Ölkəmiz son illərdə yeni şəhərlərin salınmasında və mövcud şəhərlərin yenidən qurulmasında böyük təcrübə qazanıb. Şəhərsalmanın milli-tarixi üslubu saxlanılmaqla müasir memarlıq üslubunda yenidən qurulması şəhərlərimizi dünyanın ən gözəl şəhərləri arasında yer almasına imkan yaradıb. Şəhərlərin müasir üslubda yenidən qurulması həm də iqtisadi artımın əldə olunmasına yol açır. Belə ki, müasir şəhərlərdə iqtisadi həllər də müasir olur. Bu da şəhərlərimizin daha inkişafına və cəlb ediciliyinə yol açır”.
Azər Badamov gələn il şəhərsalma və memarlıq sahəsini əhatə edən qanunveriliciyin dəyişəcəyini də deyib: “Mövcud qanunvericliyimiz müasir şəhərlərin inkişaf etdirilməsinə imkan verir. Amma şəhərlərin yeni memarlıq üslublarda tikilməsi genişləndikcə tələblər və standartlar da dəyişilməlidir. Yəni qanunlar dövrün tələbləri ilə ayaqlaşmalı və inkişafın daha şəfaf, təhlükəsiz və keyfiyyətli icrasına yol açmalıdır. Qanunlar reallığın arxasınca getməməlidir, - reallığın inkişafına şərait yaratmalıdır. Bu baxımdan gələn ildə şəhərsalma və memarlıqla bağlı qanunvericilikdə dəyikliklərin ediləcəyi gözləniləndir”.