Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ ilə “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (Zəngəzur dəhlizi - red.) layihəsi çərçivəsində aparılan danışıqların konstruktiv xarakter daşıdığını bildirib.
O, bu prosesdə Ermənistan–Rusiya münasibətləri ilə bağlı bir sıra nüansların mövcud olduğunu qeyd edib.
Modern.az xəbər verir ki, Paşinyan bu fikirləri MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin ilə ikitərəfli görüşdə səsləndirib.
Paşinyanın sözlərinə görə, ABŞ ilə TRIPP layihəsinin icrasına və yol infrastrukturunun qurulmasına dair danışıqlar region üçün mühüm və məzmunlu dəyişikliklər vəd edir. O vurğulayıb ki, bu məsələlər Ermənistanın Rusiya ilə ikitərəfli münasibətlərinə də toxunduğundan, mövzunun ətraflı müzakirəsi üçün mövcud görüş yaxşı fürsətdir.
Xatırladaq ki, 8 avqustda Vaşinqtonda ABŞ prezidenti Donald Tramp ilə keçirilən üçtərəfli görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev və Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün bərqərar olunması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyasının yaradılmasını nəzərdə tutan birgə bəyannamə imzalayıblar. Sözügedən nəqliyyat layihəsi “Tramp marşrutu” adı ilə təqdim olunub.
Görüş zamanı Paşinyan Rusiya prezidentinə Azərbaycanla Ermənistan arasında sülh prosesinə verdiyi dəstəyə görə təşəkkür edib və normallaşmanın İrəvan–Moskva münasibətlərinin inkişafına da müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, Cənubi Qafqazda baş verən müsbət proseslər artıq praktiki nəticələr verməyə başlayıb və Rusiyadan Ermənistana yüklərin Azərbaycan ərazisindən tranzitlə daşınması buna nümunədir.
Paşinyan, həmçinin, Sankt-Peterburqda keçirilən Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə ikitərəfli ticarətin başlanması üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib. Öz növbəsində Vladimir Putin Ermənistanla Rusiya arasında münasibətlərin inkişaf etdiyini, o cümlədən energetika və atom enerjisi sahəsində əməkdaşlıq planlarının müzakirə olunduğunu, həmçinin ticarət dövriyyəsinin göstəricilərinin müsbət istiqamətdə dəyişdiyini qeyd edib.