İqtisadiyyat Nazirliyi Azərbaycanın ən strateji dövlət qurumlarından biridir. Bu nazirlik ölkənin iqtisadi tərəqqisində mühüm funksiyanı yerinə yetirməklə yanaşı, həm də gənc kadrlar üçün tramplin rolunu oynayır. Hazırda Azərbaycan hakimiyyətində çalışan bir çox parlaq fiqurun yolu bu nazirlikdən keçib.
Metbuat.az vaxtilə İN-də çalışmış yüksək rütbəli məmurların bəziləri haqda məlumatları təqdim edir.
Sözsüz ki, bu dövlət qurumunun "şinelindən" çıxmış ən parlaq fiqur Maliyyə naziri Sahil Babayevdir. Sahil Babayev 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.
O, Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
İqtisadiyyat Nazirliyində qazandığı təcrübə sonrakı karyerasında Sahil Babayev üçün faydalı olub. O, əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri, sonra isə maliyyə naziri postlarını tutmağı bacarıb.
Fotoda: Sahil Babayev
Sahil Babayevin xələfi Anar Əliyevin də yolu İqtisadiyyat Nazirliyindən keçib. Anar Əliyev 2006-2008-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008–2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.
Fotda: Anar Əliyev
Baş nazirin müavini Şahin Mustafayevin də əmək kitabçasında sözügedən dövlət qurumunun adı var. Şahin Mustafayev 2008-2013-cü illərdə Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri, 2013–2016-cı illərdə isə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat naziri təyin edilib.
Şahin Mustafayev Prezident İlham Əliyevin 23 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunub.
Fotoda: Şahin Mustafayev
İqtisadiyyat Nazirliyində işləyəndən sonra ulduzu parlayan yüksək vəzifəli şəxslərdən biri də "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovdur. Vüqar Əhmədov Xarici İqtisadi Əlaqələr Nazirliyində və İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Bir müddət Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi (sonradan İqtisadiyyat və Sənaye Nazirliyi) İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru olub.
50 yaşlı Vüqar Əhmədov 7 yanvar 2020-ci ildən "Azərişıq" ASC-yə rəhbərlik edir.
Fotoda: Vüqar Əhmədov
Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov da İqtisadiyyat Nazirliyinin sabiq əməkdaşıdır. Cəlilov Prezident İlham Əliyevin 13 may 2020-ci ildə imzaladığı Sərəncama əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib. 14 Sentyabr 2021-ci ildən Cəlilabad rayonuna başçılıq edir.
Fotoda: Rafiq Cəlilov
Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Sevinc Həsənova da İqtisadiyyat Nazirliyində məsul vəzifə tutub. Sevinc xanım 2006-2020-ci illərdə İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb.
Fotoda: Sevinc Həsənova
Qeyd edək ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovdur. O, 2019-cu ilin oktyabrın 23-dən bu vəzifədə çalışır.
Nazim Hüseynzadə / Metbuat.az





