"SOCAR-ın Macarıstanın MOL Group ilə əməkdaşlığı kəşfiyyat mərhələsindədir, neft hasilatında real nəticələr 2028-ci ildən sonra məlum olacaq". Bu sözləri Modern.az-a açıqlamasında iqtisadçı İlham Şaban deyib. O qeyd edib ki, Macarıstanın ən böyük neft şirkətlərindən biri olan MOL Group ilə bağlanan əməkdaşlıq müqaviləsi növbəti ildə Milli Məclis tərəfindən təsdiqlənməlidir. Müqavilənin hüquqi qüvvəyə minməsi üçün isə təxminən bir aylıq prosedur müddəti tələb olunur: "Macarıstan və Azərbaycan neft şirkətləri arasında birgə əməkdaşlıq çərçivəsində kəşfiyyat layihəsinə start veriləcək. Bu mərhələ hələ hasilat mərhələsi deyil. Kəşfiyyat işləri üçün müəyyən edilən ərazi Şamaxı–Qobustan bölgəsini əhatə edir və söhbət yalnız geoloji tədqiqatlardan gedir. Kəşfiyyatın daha geniş ərazilərə yayılması haqda müqavilədə qeyd yoxdur. Kəşfiyyat çərçivəsində layihənin Azərbaycan və tərəfdaş ölkə üçün iqtisadi səmərəliliyindən danışmaq hələ tezdir. Sözügedən ərazidə neft və qaz ehtiyatlarının rentabelliyini müəyyən etmək üçün quyu qazılmalıdır. Real nəticələri isə yalnız 3 illik kəşfiyyat mərhələsi başa çatdıqdan sonra – 2028-ci ildə görmək mümkün olacaq. Dənizdə isə real layihə “Qarabağ” yatağıdır. BP şirkəti "Qarabağ" yatağında tədqiqat işlərinə başlayıb. Yataq 1998-ci ildə aşkar edilib, 2019–2020-ci illərdə isə real potensialı təsdiqlənib. Bununla belə, burada böyük ehtiyatların olmadığı qeyd olunur". Ekspertin sözlərinə görə, yataqda ehtiyatlar 21 milyon ton həcmində qiymətləndirilir: "BP-nin açıqlamasında bildirilir ki, həmin yataqdan neft hasilatına 2029-cu ilin dördüncü rübündə başlanılması planlaşdırılır. Neft hasilatı təkcə yatağa sahib olmaqla bitmir. Sıfırdan yaranmış bir şirkət üçün belə təxminən on il lazımdır ki, kommersiya və texniki məsələləri həll edib tam fəaliyyət göstərə bilsin. “Azneft” şirkəti kəşfiyyat və hasilat işlərinə təhkim olunsa da, bu istiqamətdə yetərli nəticə göstərə bilmir. 1994-cü ildən fəaliyyət göstərməsinə və bu illər ərzində bir çox şirkətlə əməkdaşlıq müqavilələri imzalamasına baxmayaraq, təxminən 31 il ərzində effektiv nəticəyə nail ola bilməyib". O, bunun səbəblərindən biri kimi şirkətin dövlətlə sıx bağlı fəaliyyət modelini göstərib. İ.Şabanın fikrincə, əgər “Azneft” müstəqil kommersiya xətti yürütmüş olsaydı, daha məhsuldar nəticələr əldə edilə bilərdi.