Dekabrın 21-də Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı imtahanının (PMS) II mərhələsini (qanunvericilik üzrə) keçiriləcək.
Metbuat.az xəbər verir ki, bu barədə DİM-dən Məlumat verilib. Bildirilib ki, imtahan vermək üçün 1157 nəfər qeydiyyatdan keçib.
İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda, Naxçıvanda isə 4 nömrəli məktəbdə kompüterlər vasitəsilə keçiriləcək. Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçənlər imtahanın demo versiyası ilə linkdə tanış ola bilərlər.
Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS imtahanı saat 11:00-da başlanacaq.
İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS imtahanı isə saat 16:00-da başlanacaq.
Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar. İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, pozan, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır.
İmtahanın müddəti 3 saatdır və namizədə seçdiyi peşəkar mühasib sertifikat növünə aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunur.
Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib.
İmtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib). İmtahana şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) və buraxılış vərəqəsini gətirmək lazımdır.