Xəbər verdiyimiz kimi, Azərbaycanda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib.
TƏBİB-in məlumatına görə, 01.01.2024-cü il tarixində saat 00:01-də doğulan körpəni 24 yaşlı Göyçay sakini Günel Rəsulzadə dünyaya gətirib. Uşağın cinsi qız, boyu 48 sm, çəkisi 2 kq 580 qr olub. Valideynləri onun adının Nilay olacağına qəərar veriblər.
Körpəni Yeni Klinikanın mama-ginekoloqu Ahdab Əzim qəbul edib. Yeni Klinika-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Modern.az-a bildirib ki, Dr. Ahdab Əzim 31 dekabrdan 1 yanvara keçən gecə ümumilikdə 4 körpənin doğuşunu qəbul etməklə rekirda imza atıb.
“Doktor Ahdab Əzim Yeni il gecəsinin rekordçu ginekoloqudur”, - N.Allahyarova deyib. Tibb üzrə fəlsəfə doktoru Ahdab Əzim 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə profilaktika fakültəsində təhsil alıb. 2011-2013-də ATU-da mamalıq və ginekologiya üzrə klinik ordinatura keçib. 2014-2018-də ATU-da aspirantura təhsili alıb. 2021-ci ildə "Keysəriyyə əməliyyatından sonra qarın boşluğunda və kiçik çanaqda olan dəyişikliklər" adlı dissertasiya müdafiə edib. Türkiyə, Avstriya, Birləşmiş Ərəb Əmirliklərindəki klinikalarda təcrübə keçib. Cərrah mama-ginekoloq Ahdab Əzim ingilis, rus, fransız və ərəb dillərini bilir. O, Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının koordinatorudur. A.Qorxmaz
