Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayeva ilə bağlı qalmaqal hələ də müzakirə mövzusudur. Olayın səbəbi Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın rejissori və ssenari müəllifi Suad Qarayeva olan “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoymasıdır. Adı çəkilən filmdə 12-ci əsrdə yaşamış azərbaycanlı şairə Məhsəti Gəncəvi gəzəyən qadın kimi təqdim edilib. Ekran əsərində Məhsəti Gəncəvi dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır. Bədii Şuranın rəsmi açıqlamasında filmdə Məhsəti Gəncəvinin obrazının təhrif olunduğu, etik və normativ çərçivələrin pozulduğu bildirilib. Qeyd olunub ki, ekran işində şairənin ideya-mənəvi irsi ilə ziddiyyət təşkil edən səhnələrə yer verilib.
Açıqlamada həmçinin filmdə manipulyativ təqdimatların və kontekstdənkənar mənalandırma cəhdlərinin mövcudluğu əsas gətirilərək, “Məhsəti” filminə lisenziya verilməsinin məqsədəuyğun hesab edilmədiyi vurğulanıb.
Modern.az-ın məlumatına görə, müzakirələr fonunda filmin müəllifi Suad Qarayeva nəhayət üzr istəyib. O, bildirib ki, qısametrajlı filmlə bağlı son fikirləri heç bir halda tənqid məqsədi daşımayıb və bu, yalnız emosional, şəxsi düşüncə olub. S.Qarayeva sözlərinin niyyətindən fərqli şəkildə başa düşülməsindən təəssüf etdiyini qeyd edərək, bundan təsirlənmiş və ya incinmiş ola biləcək hər kəsdən üzr istəyib.
Suad Qarayeva əlavə edib ki, ölkəsinə, xalqına və milli-mədəni dəyərlərə bağlılığı dəyişməzdir və bu bağlılıq onun üçün hər zaman prioritet olaraq qalır.