Ermənistanda yeni konstitusiyanın hazırlanması və qəbulu məsələsi müzakirə olunur. Hazırda mövcud konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var.Bəs yeni konstituasiyada hansı məqamlar həllini tapmalıdır ki, Azərbaycanla da yekun sülh əldə olunsun?
Politoloq Elçin Xalidbəyli Metbuat.az-a açıqlamasında bildirib ki, Ermənistanın yeni Konstitusiyası ilə bağlı proses artıq başlayıb. Paşinyan hökumətinin təmsilçilərinin açıqlamalarına görə, Ermənistanın yeni Konstitusiya layihəsi gələn ilin mart ayına qədər hazır olacaq.
Politoloq qeyd edib ki, növbəti mərhələdə ölkədə parlament seçkilərinin keçirilməsi, böyük ehtimalla həmin seçkilərdən sonra isə yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun təşkili gözlənilir:
“Məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün rəsmi Bakının iki dəyişməz və prinsipial şərti mövcud olub. Bu şərtlərdən biri ATƏT-in Minsk qrupunun ləğvi idi. Azərbaycan bu məsələdə israr edirdi və nəticədə tərəflər ATƏT-ə ortaq müraciət göndərdilər. Həmin müraciətin əsasında Minsk qrupu ləğv olunaraq tarixin arxivinə verildi. Hazırda yekun sülh sazişinin imzalanması qarşısında qalan ikinci əsas məsələ isə Ermənistan Konstitusiyası ilə bağlıdır. Rəsmi Bakı haqlı olaraq rəsmi İrəvandan tələb edir ki, sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişikliklər edilsin və Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən müddəalar ləğv olunsun. Yalnız bu halda yekun sülh sazişinin imzalanması mümkündür”.
E.Xalidbəylinin sözlərinə görə, rəsmi İrəvan bu şərtin dəyişməz olduğunu artıq tam dəqiqliyi ilə anlayır və məhz buna görə də Konstitusiya ilə bağlı prosesə start verilib:
“Mart ayına qədər yeni Konstitusiya layihəsinin hazırlanması, daha sonra isə məsələnin referendum yolu ilə həll edilməsi gözlənilir. Əgər Ermənistan Konstitusiyasında dəyişikliklər edilərək Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılarsa, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün heç bir əngəl qalmayacaq və bu sənəd imzalanmış olacaq”.
Sevinc İbrahimzadə / Metbuat.az
