Şaxtalı havaların yaxınlaşması sürücülər üçün bir sıra risklər yaradır. Aşağı temperatur mühərrikin işə düşməsindən tutmuş, akkumulyatorun vəziyyətinə və yol təhlükəsizliyinə qədər bir çox məqama təsir edir. Bəs avtomobilləri şaxtalı havalara necə düzgün hazırlamaq olar və sürücülər nələrə xüsusi diqqət etməlidirlər?
Avtomobil ustası Əli Əliyev Metbuat.az-a açıqlamasında bildirib ki, avtomobilləri qış mövsümündə, hava soyuq və şaxtalı olanda mütləq şəkildə qorumaq lazımdır. Onun sözlərinə görə, ilk növbədə mühərrikə diqqət yetirilməlidir:
“Avtomobilin mühərrikində su varsa, onu mütləq antifrizlə əvəz etmək lazımdır. Çünki yay mövsümündən çıxan avtomobillərin bir çoxunda antifriz azalır, şlanqlarda buraxmalar olur və müvəqqəti olaraq antifrizin əvəzinə su əlavə edilir. Bu isə qışda, xüsusilə şaxtalı havalarda təhlükəlidir. Axşamdan mühərrikin içində qalan su donar və bu donma nəticəsində mühərrik blokunda çatlar yarana bilər. Bu da mühərrikin sıradan çıxmasına səbəb olur. Ona görə də hava şaxtalı keçəcəksə, qabaqcadan tədbir görüb, mühərrikdə su varsa, mütləq antifrizlə əvəz etmək lazımdır. Antifriz varsa, lakin keyfiyyətdən düşübsə, onu xüsusi cihazla ölçdürmək lazımdır ki, neçə dərəcə şaxtaya davamlıdır. Əgər donmaya qarşı zəifdirsə və ya keyfiyyəti aşağı düşübsə, antifriz mütləq dəyişdirilməlidir. İlk növbədə buna diqqət yetirilməlidir”.
Ə.Əliyev qeyd edib ki, şaxtalı havalarda yollar buz bağlayır, bu səbəbdən mütləq qış təkərlərindən istifadə etmək lazımdır:
“Yay təkərləri ilə hərəkət zamanı sürüşmə baş verir, avtomobil yerindən tərpənmir, qaz veriləndə yerində fırlanır. Bu da hərəkəti mümkünsüz edir. Ona görə sürücülər mütləq qış təkərlərinə keçməlidirlər. Məsələn, əvvəlcədən bilsələr ki, axşam və ya səhər şaxta olacaq, qış təkərlərini vaxtında quraşdırmalıdırlar. Yay təkərləri ilə yola və ya trasa çıxmaq çox təhlükəlidir, sürüşmə ola bilər, əyləc tutmaz və qəza riski artar”.
Mütəxəssis şüşəsilənlərin də əhəmiyyətini vurğulayıb:
“Yay mövsümündən çıxan avtomobillərdə şüşəsilən rezinlər günəş altında qaldığı üçün keyfiyyətini itirir, quruyur və çatlayır. Yağış və ya qar zamanı şüşəni lazımi səviyyədə təmizləyə bilmir. Bu isə görmə məsafəsini azaldır, görüntü bulanıq olur və idarəetməni çətinləşdirir. Buna görə şüşəsilənlərin vəziyyətinə mütləq nəzarət edilməlidir. Bundan əlavə, şüşəsilənlərin mayesi də vacibdir. Adi su qışda donar. Ona görə şüşəsilənlərin su bakına donmaya qarşı xüsusi maye tökmək lazımdır. Bu maye donmur və şüşəni təmizləyərkən problemi aradan qaldırır. Əgər su donar və şüşəsilən işləməzsə, palçıqlı və ya qarlı şüşəni təmizləmək mümkün olmayacaq. Quru-quru rezinlə silmək də həm çətindir, həm də təhlükəlidir. Bu səbəbdən şüşəsilənlərin su bakına mütləq donmayan maye əlavə edilməlidir”.
Ustanın sözlərinə görə, akkumulyatora da mütləq diqqət yetirmək lazımdır:
“Əgər akkumulyator zəifdirsə, şaxtalı və soyuq havalarda mühərriki işə salmaq mümkün olmayacaq. Bu halda ya servisdən kömək almaq, ya da əlavə cərəyanla mühərriki işə salmaq lazım gələcək. Buna görə akkumulyatorun vəziyyəti əvvəlcədən yoxlanılmalıdır. Bütün bu deyilənlərə əməl etsələr, sürücülər yolda qalmaz, səhər avtomobili rahat işə sala və təhlükəsiz şəkildə hərəkət edə bilərlər”.
Sevinc İbrahimzadə / Metbuat.az