Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ tərəfindən irəli sürülən ilkin “sülh planı”nın əsas maddələrini faktiki olaraq rədd edib.
Modern.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) yaydığı hesabatda bildirib.
ISW-nin təhlilinə görə, Lavrov Ukrayna ilə bağlı bir sıra əsas təkliflərlə razılaşmayıb. O, Zaporojye və Xerson vilayətlərində mövcud təmas xəttinin dondurulmasına, Zaporojye Atom Elektrik Stansiyasının Rusiyanın nəzarətindən çıxarılaraq MAQATE-nin idarəsinə verilməsinə, eləcə də Ukraynaya real və uzunmüddətli təhlükəsizlik zəmanətlərinin təqdim olunmasına qarşı çıxıb.
Lavrov, həmçinin Ukraynanın suverenliyinin təsdiqini nəzərdə tutan müddəaları qəbul etməyib.
Nazir NATO ilə bağlı mövqeyini də sərtləşdirib. O bildirib ki, təkcə alyansın genişlənməsinin dayandırılması kifayət deyil və NATO 1997-ci ildən əvvəlki sərhədlərinə qayıtmalıdır.
Lavrov Avropanın Polşada qırıcı təyyarələr yerləşdirməsi ideyasını da rədd edib. Bundan başqa, Avropa İttifaqının dini azlıqların müdafiəsi ilə bağlı normalarının Ukrayna qanunvericiliyi üçün əsas götürülməsinə qarşı çıxıb.
ISW qeyd edir ki, Lavrov yenidən Rusiyanın 2021-ci ilin dekabrında ABŞ və NATO-ya təqdim etdiyi ultimatumları “təhlükəsizlik zəmanəti” kimi gündəmə gətirib. Həmin tələblər faktiki olaraq NATO-nun indiki quruluşunun zəiflədilməsini nəzərdə tutur. Xüsusilə, 1997-ci ildən sonra alyansa daxil olan ölkələrdə NATO qüvvələrinin və silahlarının yerləşdirilməsinin qadağan edilməsi istənilir.
Hesabatda vurğulanır ki, Lavrov Rusiyanın konstitusiyasına istinad edərək Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin “Rusiyanın ayrılmaz hissəsi” olduğunu deyib və Moskvanın bu ərazilərdən imtina edə bilməyəcəyini bildirib.
ISW-nin qənaətinə görə, Lavrovun 11 dekabr tarixli açıqlamaları Kremlin 28 maddədən ibarət ilkin sülh planını qəbul etmək niyyətində olmadığını göstərir. Əksinə, Moskva Ukrayna planı qəbul etsə belə, əlavə şərtlər irəli sürmək niyyətindədir. Analitiklər bildirir ki, son həftələr Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla, Kremlə yaxın yüksək vəzifəli şəxslər planın əsas bəndlərini oxşar şəkildə rədd ediblər.
Hesabatda əlavə olunur ki, Kreml Ukraynada razılaşmadan sonra 100 gün ərzində seçkilərin keçirilməsi ideyasına da müsbət yanaşmır. Dövlət Dumasındakı deputatların açıqlamaları da Rusiyanın ümumilikdə sülh sazişlərinə maraq göstərmədiyini açıq şəkildə ortaya qoyur.