Bu gün ümummilli lider Heydər Əliyevin vəfatından 22 il keçir. Hər il olduğu kimi, dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri və yüzlərlə vətəndaş Fəxri xiyabana gedərək Ulu öndərin xatirəsini ehtiramla yad edirlər. Ziyarət ənənəsinin bu qədər davamlı olması Heydər Əliyevin Azərbaycan cəmiyyətinin yaddaşında və dövlətçilik şüurunda tutduğu yerin ölçüsünü də göstərir. Məhz buna görə, xalqın hər gün ziyarət etdiyi, dövlət protokolunun ən vacib məkanlarından biri olan Heydər Əliyev abidəsi ayrıca diqqət tələb edən mövzudur. Modern.az Heydər Əliyevin məzarı üzərində ucaldılan abidəsinin necə ərsəyə gəldiyini araşdırıb. Abidənin müəllifi, görkəmli heykəltaraş və Heydər Əliyevin yaxın dostu Ömər Eldarovdur. O, həmçinin Ümummilli lider sağ ikən heykəlini yaradan yeganə sənətkardır. Ömər Eldarovun sözlərinə görə, Heydər Əliyevin nəşi ABŞ-dən Azərbaycana gətiriləndə Prezident İlham Əliyev onu Fəxri xiyabana çağırıb. “Fəxri xiyabanda görüş təyin olundu, Ulu öndərin heykəlinin harada qoyulacağı barədə birgə qərar verilməli idi. Səhəri gün mən İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşdüm. Heydər Əliyevin dəfn olunduğu yerdə heykəlin ucaldılması barədə razılığa gəldik. Mənə 1 il vaxt verildi. Heykəlin bir neçə variantı vardı, Prezident hazırda xiyabanda olan son variantı seçdi”.
Heydər Əliyevin Fəxri xiyabandakı abidə kompleksində ən çox diqqət çəkən, heykəltəraşlıq dilində ən “danışan” detal məhz fiqurun arxasında ucaldılan nəhəng mərmər blokdur. İlk baxışda dekorativ fon təsiri yaratsa da, əslində bütöv kompozisiyanın fəlsəfi yükü bu massiv elementin üzərində cəmlənib. Ömər Eldarov burada sırf plastik həll deyil, həm də Azərbaycan dövlətçiliyinin yaddaş kodlarını mərmərin dili ilə ifadə etməyə çalışıb. Çünki heykəlin önündə dayanan fiqur Azərbaycan xalqının keçdiyi çoxqatlı tarixi yolun simvolik dayağı kimi oxunur. Lider obrazı bu fonun qarşısında ucalaraq göstərir ki, onun fəaliyyəti boşluqda yaranmayıb, arxasında ağır, mürəkkəb, bəzən ağrılı, bəzən qalxan, lakin bütövləşən bir dövlətçilik tarixi dayanır. Mərmər blok müxtəlif istiqamətlərdə qırılan, sərt və yumşaq xəttlərin birləşdiyi relyefdən ibarətdir. Buradakı qırılmalar Azərbaycanın XX əsrdə yaşadığı sarsıntıların işğalların, siyasi təlatümlərin, parçalanmaların, dövlətçilik boşluğu dövrlərinin simvolik təsviridir.
Heykəl və memorial abidə 2004-cü ilin dekabrında,- hazırlanma prosesi bitdikdən sonra Fəxri xiyabanda ucaldılıb.