Fransanın "Le Monde" nəşri Ukraynanın Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyaka istinadən Kiyevin ABŞ və Rusiya ilə danışıqlar çərçivəsində Donbasda demilitarizasiya olunmuş zona yaradılmasına və Ukrayna qoşunlarının bölgədən çıxarılmasına razılaşa biləcəyi barədə məqalə dərc edib.
Nəşrin iddiasına görə, bu yanaşma Avropa ölkələri tərəfindən dəstəklənib və Prezident Volodimir Zelenski tərəfindən 10 dekabrda ABŞ Prezidenti Donald Trampa təqdim edilən yenilənmiş “sülh planı”na daxil edilib.
Məqalədə Donbasda mümkün demilitarizasiya zonasına beynəlxalq müşahidəçilərin və xarici kontingentin yerləşdirilə biləcəyi, bu modelin 1953-cü ildə Şimali və Cənubi Koreya arasında yaradılmış zonaya bənzədiyi qeyd olunub. "Financial Times" nəşri isə isə yazır ki, ABŞ Ukraynanı Donetsk vilayətinin qalan ərazilərindən qoşunları çıxarmağa çağırır, həmin ərazilərə isə Rusiya qoşunlarının daxil olmaması nəzərdə tutulur.
Modern.az-ın məlumatına görə, Kiyev Fransa nəşrinin Ukraynanın Donbasda “bufer zona” yaradılmasına razı ola biləcəyi ilə bağlı yaydığı məlumatı təkzib edib.
Ukrayna Prezident Ofisinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin bildirib ki, "Le Monde"nin şərhləri “qeyri-dəqiqdir” və Ukraynanın belə bir razılıq verdiyini demək düzgün deyil. Onun sözlərinə görə, Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak fransız nəşrinə müsahibəsində Ukraynanın konkret razılığı barədə yox, yalnız nəzəri olaraq müxtəlif təhlükəsizlik modellərinin müzakirə oluna biləcəyini deyib. Litvin vurğulayıb ki, istənilən model detallar, nəzarət mexanizmləri və hüquqi təminatlardan asılıdır. O əlavə edib ki, Ukraynanın hər hansı razılığa gəlib-gəlməməsi yalnız ölkənin ən yüksək siyasi rəhbərliyi və ya Ukrayna xalqı tərəfindən həll edilə bilər.