“Şöhrət” ordenli professor Kamil Mənsimov vəfat edib.
Metbuat.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun Mürəkkəb Dinamik Sistemlərdə İdarəetmə Üsulları laboratoriyasına rəhbərlik edən, riyazi kibernetika sahəsinin nüfuzlu nümayəndələrindən biri, professor, riyaziyyat elmləri doktoru Kamil Bayraməli oğlu Mənsimov 13 noyabr tarixində dünyasını dəyişib.
1950-ci ildə Biləsuvarda doğulan Kamil Mənsimov Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu və BDU-da çalışaraq riyazi kibernetika, optimal idarəetmə və mürəkkəb sistemlər sahəsində mühüm elmi araşdırmalara imza atıb.
Professor Mənsimov dinamik sistemlərdə optimallıq üçün ikinci tərtib şərtlərin müəyyən edilməsi, yeni idarəetmə yanaşmalarının işlənməsi və müxtəlif tip proseslərdə idarə strategiyalarının tədqiqi kimi istiqamətlərdə elmi məktəb yaratmış alimlərdən olub. Onun elmi irsi 325 elmi işdən və 5 monoqrafiyadan ibarətdir. O, həmçinin 12 fəlsəfə doktoru hazırlayıb.
Prezident İlham Əliyevin sərəncamları ilə o, “Tərəqqi” medalı və “Şöhrət” ordeni ilə təltif olunub.