Çay dünyanın ən çox istehlak edilən içkilərindən biridir. Səhər yeməyindən axşam söhbətlərinə qədər bir çoxlarımız üçün çay artıq gündəlik vərdişə çevrilib.
Metbuat.az xəbər verir ki, lakin mütəxəssislər bildirir ki, çay içməkdə əsas məsələ onun miqdarı və tərkibidir. Düzgün miqdarda qəbul edildikdə çay orqanizm üçün faydalı olsa da, həddindən artıq istehlak müəyyən zərərlərə səbəb ola bilər.
Çayın faydaları
Çayın tərkibində antioksidantlar, xüsusilə flavonoidlər və polifenollar bol miqdarda olur. Bu maddələr bədənin hüceyrələrini sərbəst radikallardan qoruyur, ürək-damar xəstəliklərinin riskini azaldır və immun sistemini gücləndirir. Yaşıl çay maddələr mübadiləsini sürətləndirir, arıqlamağa kömək edir, qara çay beyin fəaliyyətini aktivləşdirir, yorğunluğu azaldır, bitki çayları (nanə, çobanyastığı, zəncəfil və s.) sakitləşdirici və iltihabəleyhinə təsirə malikdir.
Tədqiqatlara görə, gündə 2–3 fincan çay içmək bədəndə enerji balansını qoruyur və orqanizmin susuz qalmasının qarşısını alır.
Çayın zərərləri
Hər bir faydalı məhsul kimi, çay da həddən artıq içildikdə zərərli ola bilər. Gündə 5–6 fincandan çox çay qəbul etmək orqanizmdə dəmirin mənimsənilməsini çətinləşdirir, bu da qanazlığına gətirib çıxara bilər. Bundan əlavə, çayın tərkibindəki kofein ürək döyüntüsünü artırır, təzyiqi yüksəldə və yuxusuzluğa səbəb ola bilər. Ac qarına içilən güclü qara çay isə mədə turşuluğunu artırır, bu da uzun müddətdə qastrit və ya reflü kimi problemlərə yol aça bilər.
Dietoloqların fikrincə, ən ideal variant gündə 2–3 fincan təbii, çox dəmlənməmiş çay içməkdir. Şəkər və limon əlavə etmək istəyənlər üçün məsləhət: çayı çox isti içməyin və şəkərsiz qəbul etməyə çalışın. Əgər çay içməyi çox sevirsinizsə, növləri dəyişdirərək (yaşıl, qara, bitki çayı və s.) balanslı şəkildə istifadə etmək daha doğrudur.