Bakıda 10 ailənin həyatı təhlükə altındadır. Səbəb son aylarda intensiv yağışdan sonra sürüşmə təhlükəsinin yaranmasıdır.
Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonu, Qaraçurux qəsəbəsindəə evlərin divarları çatlayıb, hasarları isə uçub.
Yeni Günəşli yaylası küçəsində yaşayan ailələr deyirlər ki, son bir ildə yağan intensiv yağışlardan sonra torpaq sürüşməsi daha da aktivləşib. Evlərdə və hasarlarda iri çatlar əmələ gəlib. İkimərtəbəli evlərin bəziləri isə hər an uçma təhlükəsi ilə üz-üzədir.
Sakinlər bildirirlər ki, Fövqəladə Hallar Nazirliyinə dəfələrlə müraciət ediblər. Nazirliyin əməkdaşları əraziyə baxış keçirib və evlərin boşaldılması üçün rəy veriblər.
Sakinlərin sözlərinə görə, uçma təhlükəsi olan evlərdən birinin sahibinə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən kompensasiya ödənilib və həmin ailə ərazini tərk edib. Digər 10 ailə də istəyir ki, onlara kompensasiya ödənilsin və təhlükəli zonadan çıxsınlar.