Xorvatiya parlamenti tərəfindən qəbul edilən yeni qanuna əsasən, Xorvatiyada 2026-cı ildən etibarən hərbi xidmətə çağırış sistemi bərpa olunacaq.
Metbuat.az xəbər verir ki, bu qərar Avropada dəyişən təhlükəsizlik şəraiti, təbii fəlakətlərin və fövqəladə vəziyyətlərin sayının artması ilə əlaqədar qəbul edilib.
Xorvatiya Müdafiə Nazirliyi bəyan edib ki, proqramın əsas məqsədi gənclərə böhran vəziyyətlərində zəruri hərbi bilik və bacarıqların aşılanması, milli təhlükəsizliyin möhkəmlənməsidir. Qurumun açıqlamasında qeyd olunur ki, ölkədə məcburi hərbi xidmətin ləğvindən 17 il keçib və bu müddət ərzində təxminən 300 min nəfər heç bir hərbi hazırlıq keçməyib.
Yeni qaydalara əsasən, hər il 4 minə yaxın gənc hərbi hazırlığa cəlb ediləcək. 2026-cı ildə bu prosesə 2007-ci il təvəllüdlü çağırışçılar və 19 yaşdan yuxarı könüllülər daxil olacaq. Qadınlar isə proqramda könüllü şəkildə iştirak edə biləcəklər.