Bəzi ev heyvanlarından insanlara keçə bilən yoluxucu xəstəliklər mövcuddur. Bu cür xəstəliklər "zoonoz xəstəliklər" adlanır və onların bəziləri ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
İnfeksionist-həkim Sadiqə Əliyeva Metbuat.az-a açıqlamasında bildirib ki, heyvan mənşəli qidalardan keçən xəstəliklərin sayı olduqca çoxdur:
“Bu xəstəliklərdən biri brusellozdur. Yoluxmuş heyvanın tam bişməmiş əti, çiy və ya kifayət qədər qaynadılmamış südü vasitəsilə insana keçə bilər. Qarayara xəstəliyi də bu qəbildəndir. Onun dəri, ağciyər və bağırsaqları zədələyən formaları mövcuddur və əsasən mal-qaradan yoluxur. Digər bir təhlükə isə salmonella infeksiyasıdır. Bu xəstəlik xüsusilə ev quşlarının tam bişməmiş yumurtaları vasitəsilə insana keçə bilər. Toksoplazmoz isə pişiklərin nəcisində yaşayan parazitlərlə yayılır. Yoluxmuş nəcis hər hansı bir səthə bulaşdıqda və insanla təmasda olduqda yoluxma baş verə bilər. Eynilə, itlərin bağırsaqlarında yaşayan və exinokok adlanan parazitin yumurtaları da insanlara keçərək zoonoz xəstəliklərə səbəb ola bilər.”
Sevinc İbrahimzadə / Metbuat.az