"2020-ci ilin yanvarı ilə 2025-ci ilin mayı arasında yayımlanan 65 min ingilis dilli məqalə təhlil edilib. Məlum olub ki, məqalələrin ən azı 50 faizi dil modelləri vasitəsilə yazılıb".
Metbuat.az xəbər verir ki, bu barədə "Graphite" şirkətinin yeni hesabatında bildirilib.
Məlumata görə, 2022-ci ilin sonlarında ChatGPT-nin istifadəyə verilməsi ilə süni intellekt tərəfindən yaradılan məzmunun həcmi sürətlə artmağa başlayıb. Həmin dövrdə bu göstərici 10 faiz civarında olsa da, 2024-cü ilə gəldikdə 40 faizi ötüb. 2024-cü ilin noyabrında zirvəyə çatan bu artım daha sonra sabitləşib.
2025-ci ilin mayına olan vəziyyətə görə, internetdə dərc olunan yeni məqalələrin 52 faizi süni intellekt, 48 faizi isə insanlar tərəfindən hazırlanır. Lakin hesabat müəllifləri bildirirlər ki, real nisbət bir qədər insan lehində ola bilər. Çünki istifadə edilən "Common Crawl" adlı açıq məlumat bazası, pullu və ya girişə məhdudiyyət qoyulan saytlardakı məzmunları əhatə etmir. Eyni zamanda, tədqiqatda istifadə edilən "Surfer" adlı süni intellekt aşkarlama vasitəsinin də tam etibarlı olmadığı vurğulanır. Testlərə görə, insan tərəfindən yazılan mətnlərin təxminən 4 faizini səhvən süni intellekt məzmunu kimi qiymətləndirə bilir.
Mütəxəssislər hesab edirlər ki, süni intellekt məqalələrinin artım sürətinin dayanmasının əsas səbəbi axtarış sistemlərinin bu cür məzmunları əvvəlki kimi önə çıxarmamasıdır. "Graphite"in digər hesabatında qeyd olunur ki, hazırda "Google" axtarış nəticələrinin 86 faizi insan, 14 faizi isə süni intellekt tərəfindən yazılmış məqalələrdən ibarətdir.