Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkian və İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışıqları aparıb.
Metbuat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya lideri İsrail zərbələri nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar İran rəhbərliyinə və xalqına başsağlığı verib. O həmçinin vurğulayıb ki, Rusiya İsrailin BMT Nizamnaməsini və beynəlxalq hüququ pozaraq həyata keçirdiyi əməlləri pisləyir. Rusiya tərəfi İran nüvə proqramı ətrafında vəziyyətin sülh yolu ilə tənzimlənməsi üçün səyləri hərtərəfli dəstəkləyib.
Netanyahu ilə söhbətində Putin danışıqlar prosesinə qayıtmağın və İran nüvə proqramı ilə bağlı bütün məsələlərin yalnız siyasi-diplomatik vasitələrlə həll edilməsinin vacibliyini vurğulayıb, həmçinin gərginliyin daha da artmasını qabaqlamaq üçün vasitəçilik xidmətləri göstərməyə hazır olduğunu diqqətə çatdırıb.