Panama administrasiyası ABŞ Prezidenti Donald Trampın Panama kanalını geri alacağı ilə bağlı açıqlamalarını tənqid edərək, bu bəyanatların Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd olduğunu bildirib.
Metbuat.az xəbər verir ki, bu barədə Panama Prezidenti Xose Raul Mulino BMT-nin baş katibi Antonio Quterreşə məktub ünvanlayıb. O, məktubda BMT Nizamnaməsində yer alan üzv dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək hədəsini və ya istifadəsini qadağan edən maddələrini xatırladıb. Mulino, təhdid və ya güc tətbiqi kimi hərəkətlərin BMT-nin məqsədinə zidd olduğunu vurğulayıb.
Qeyd edək ki, Donald Tramp vəzifəyə gəldikdən sonra ilk çıxışında daha əvvəl gündəmə gətirdiyi Panama kanalının geri alınması məsələsinə də toxunaraq, “Panama kanalını Çin idarə edir, biz onu Çinə verməmişik , biz onu Panamaya verdik və geri alırıq” deyə bildirib.