Suriya ordusuna məxsus xeyli miqdarda silah İŞİD qruplaşmasının əlinə keçib.
Modern.az xəbər verir ki, İraqın Baş naziri Məhəmməd əl-Sudani bu barədə Əl Ərəbiyyə telekanalına müsahibəsində deyib. O, silah və qruplaşmaların İraq ərazisinə keçməsinə yol verməyəcəklərini bildirib. Hökumət başçısı Suriyanın yeni hakimiyyət orqanları ilə sərhəddə təhlükəsizliyin təmin edilməsi üzrə əməkdaşlığın başlayacağına ümidini ifadə edib.
İraqın Baş naziri, həmçinin suriyalıların iradəsinə hörmət etdiklərini və ölkədə hərtərəfli siyasi prosesləri dəstəklədiklərini vurğulayıb. Onun sözlərinə görə, Bağdad Dəməşqin daxili işlərinə qarışmaq niyyətində deyil.
Xatırladaq ki, Suriyanın müxalifət qüvvələri dekabrın 8-də paytaxt Dəməşqə daxil olub və prezident Bəşər Əsəd ölkədən qaçıb. Xilas hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir dekabrın 10-da Suriya keçid kabinetinin rəhbəri təyin olunub.