ABŞ prezidenti Cozef Bayden “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması barədə məlumatlandırılıb.
Modern.az xəbər verir ki, bunu “News Nation”un efirinə telefonla bağlanan Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Onun sözlərinə görə, hadisə ilə bağlı C.Baydenə mütəmadi olaraq məlumatlar verilir.
“Bu hadisə fəal şəkildə araşdırılır. Biz həm diplomatik, həm də Milli Təhlükəsizlik Şurası vasitəsilə Azərbaycan hökumətinə ehtiyac olduğu halda araşdırmaya yardım etməyə hazır və istəkli olduğumuzu çatdırdıq”, - deyə o bildirib.
Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq. (Trend.az)