Tanınmış jurnalist, şair və tərcüməçi Zülfüqar Rüfətoğlu vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə onun yaxın dostları sosial şəbəkədə bildiriblər.
Zülfüqar Rüfətoğlu uzun sürən xəstəlikdən sonra 66 yaşında Londonda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Z.Rüfətoğlu uzun müddət idi qaraciyər xərçəngindən əziyyət çəkirdi. O, əvvəllər bir neçə dəfə şəkərinin qalxması səbəbindən komaya da düşmüşdü. Məlumata görə, onu İngiltərədə dəfn edəcəklər.
Zülfüqar Rüfətoğlu 1958-ci ildə Bakı şəhərində anadan olub. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb. 1984-1993-cü illərdə "Azərbaycan qadını", "Sovet kəndi", "Kommunist", "Xalq qəzeti" və "Azərbaycan" qəzetlərində çalışıb. 1991-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb. "Kommunist" qəzetinin əlavəsi olan və 1989-cu ildən çıxan "Səhər" qəzetinin yaradıcılarından biri olub. 1993-cü ildə "Röyter" agentliyinin kurslarında təhsil alıb. 1994-cü ilin dekabr ayından BBC-nin Azərbaycan xidmətində işləməyə başlayıb. 1996-cı ildə Qarabağ müharibəsi başlandığı tarixdən sonra Ermənistana, Şuşa və Xankəndinə səfər edən ilk azərbaycanlı jurnalist olub. 2000-2011-ci illər ərzində BBC Azərbaycan xidmətinin prodüseri kimi fəaliyyət göstərib. “Mavigözlü ögey ana” kitabının müəllifidir. Z.Rüfətoğlu "Şirbalanın məhəbbəti" filminin ssenari müəllifidir. O, tanınmış şair Rüfət Əhmədzadənin oğludur.