Cinsi ayrı-seçkilik, stereotiplər, iş mühitində gender rolları və sosial gözləntilər qadınların əmək bazarında kişilərlə bərabər təmsil olunmasına mane olur.
Bərabər təmsilçilik üçün dövlət və şirkətlər səviyyəsində müxtəlif tədbirlərin görülməsi, o cümlədən gender stereotiplərinin qırılması, bərabər maaş siyasəti, analıq və atalığın bərabər paylanması kimi dəstək mexanizmlərinin gücləndirilməsi vacib hesab olunur.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova ölkəmizdə qadın və kişilərin əmək bazarında bərabər təmsil olunması üçün görülən işlərdən danışıb.
"Əhalinin məşğulluğu və əmək münasibətləri sahəsində milli qanunvericilikdə, o cümlədən Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Məşğulluq haqqında” Qanununda və digər normativ-hüquqi aktlarda bütün şəxslərə əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində bərabər imkanlar verilməklə cinsinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəmnində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır.
Azərbaycan Respublikasında 2023-cü ildə qadınların orta aylıq əməkhaqqı 739,3 manat, kişilər arasında bu göstərici 1066,9 manat təşkil etmiş, nəticədə cinslər arasında orta aylıq əməkhaqqı fərqi 30,7% olmuşdur. Qadınların daha çox təmsil olunduğu əksər sahələrdə rəhbər vəzifələrdə kişilər üstünlük təşkil edir".
Sevinc Məmmədova bildirib ki, respublikada kişi və qadınların orta əmək haqqı fərqliliyinin aradan qaldırılması məqsədilə məqsədyönlü islahatlar həyata keçirilir. Belə ki, əmək haqlarının artırılması sahəsində həyata keçirilən islahatlar həm minimum əməkhaqqının orta əməkhaqqında xüsusi çəkisinin artırılmasına, həm də qadın və kişi işçilərin orta əməkhaqları arasındakı fərqliliyin aradan qaldırılmasına istiqamətlənmişdir:
"Ölkədə əmək münasibətlərinin gender bərabərliyi prinsipləri əsasında qurulmasının, qadınların məşğulluq imkanlarının genişləndirilməsinin və daha yüksək əmək haqqı ödənilən sahələrdə çalışmasının təmin edilməsi məqsədilə bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi üzrə işlər aparılır.
Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri və məsuliyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsi ilə tənzimlənir. Bu maddənin 1-ci hissəsinin “f” və “g” bəndlərinə əsasən işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq; cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə aiddir”.
Qurum əməkdaşı onu da qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 17 rayonda (Sabirabad, Biləsuvar, Neftçala, Masallı, Salyan, Qusar, Zaqatala, Xaçmaz, Bakı şəhərinin Xəzər rayonu, Füzuli, Ağcabədi, Tərtər, Cəlilabad, Sumqayıt, Bərdə, Tovuz, Göyçay) Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir.
"Qadın Resurs Mərkəzləri həyata keçirdikləri layihələr çərçivəsində kənd qadınlarının iqtisadi və sosial fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək göstərir, qadınları iqtisadi və sosial cəhətdən gücləndirərək iqtisadi asılılıqlarını aradan qaldırmağa kömək edir.
Qadın Resurs Mərkəzləri tərəfindən icmalarda, məktəblərdə erkən nikahların, qızların təhsildən yayınmasının, məişət zorakılığının, insan alverinin qarşısının alınması, gender bərabərliyi, insan hüquqları, narkomaniyanın fəsadları, maliyyə savadlılığı, QHT yaratmaq, CV yazmaq, reproduktiv sağlamlıq, selektiv abort və onun fəsadları, ailə büdcəsinin idarə edilməsi, biznes bacarıqlarının artırılması, sahibkarlıq fəaliyyətinin gücləndirilməsi, liderlik bacarıqlarının inkişaf etdirilməsi barədə şagirdlərin, valideyn-müəllim kollektivlərinin, eyni zamanda icma üzvlərinin iştirakı ilə maarifləndirici görüşlər keçirilir, komputer və peşə kursları təşkil olunur" - deyə o bildirib.