Rusiya Xarici İşlər Nazirliyi Finlandiyaya etiraz notası verib.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən açıqlama verilib. Bildirilib ki, etiraz notasının verilməsinə səbəb Finlandiyanın Rusiyanın əmlakına qanunsuz həbs qoyulmasıdır. Nazirliyin açıqlamasında Finlandiyanın daha əvvəl Rusiyaya aid 45 mülkə həbs qərarı verdiyi bildirilib. Bu səbəbdən bəyanatda Finlandiyanın Moskvadakı səfiri Marja Liivalanın nazirliyə çağırıldığı və səfirə etiraz notası təqdim edildiyi qeyd edilib.
Bəyanatda, "Rusiya tərəfi Finlandiyadan Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasının müddəalarını pozan bu qeyri-qanuni qərara yenidən baxılmasını tələb edib. Səfirə məlumat verilib ki, əks halda Helsinki belə hərəkətin nəticələrinə görə məsuliyyət daşıyacaq. Rusiya tərəfi lazım gələrsə buna qarşı tədbir görəcək” - deyə bildirilib.