"Mançester Yunayted"dən qovulan hollandiyalı baş məşqçi Erik ten Haqın Kriştiano Ronaldoya qarşı aşağılayıcı münasibət göstərib.
Metbuat.az xəbər verir ki, İngiltərə Premyer Liqasında "Vest Hem"ə məğlubiyyətdən sonra vəzifəsindən uzaqlaşdırılan Erik ten Haqın Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo və digər futbolçularla yaşadığı gərginlik üzə çıxıb.
ESPN-in məlumatına görə, 54 yaşlı məşqçi Ronaldo ilə yaşadığı "cəza hadisəsi" komandadakı digər futbolçularla da münasibətlərinin gərginləşməsinə səbəb olub.
Məlumatda qeyd olunur ki, 2022-ci ilin oktyabrında "Mançester Yunayted"in "Tottenhem"lə matçında Ronaldo oyuna daxil olmağı rədd edib və matç bitmədən meydanı tərk edib. Buna görə cəzalandırılan Ronaldo növbəti "Çelsi" matçının heyətinə daxil edilməyib, fərdi şəkildə məşq etməli olub.
Həmin vaxt Erik ten Haq Ronaldonun komanda ilə məşq etməsinə, həm də soyunma otağına daxil olmasına mane olub. Ronaldo ayaqqabılarını götürmək üçün gənc akademiya oyunçusundan kömək istəməyə məcbur qalıb.
Ten Haqın bu davranışı komandanın digər təcrübəli oyunçuları arasında da narazılıq yaradıb.
Xatırladaq ki, "Mançester Yunayted" – "Tottenhem" matçında Ronaldo oyunun sonunu gözləmədən arenanı tərk etmişdi. 37 yaşlı Ronaldo oyunda çıxış etməsə də, 40-cı dəqiqədə isinməyə göndərilmiş, baş məşqçi isə oyundan sonra Ronaldonun hərəkətinə münasibət bildirməkdən imtina edərək "qələbəni qeyd edirik, bu məsələ ilə sabah məşğul olacağam" deyə açıqlama vermişdi.