Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Türkiyə Respublikasının milli bayramı – Cümhuriyyət Günü münasibətilə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma təbrik məktubu ünvanlayıb.
Modern.az xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli Binəli Yıldırım!
Sizi və qardaş Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən ülvi və xoş arzularımızı çatdırırıq!
Bu gün qardaş Türkiyə ilə birlikdə Azərbaycan xalqı da əlamətdar və tarixi bir günü - Türkiyə Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümünü yüksək əhval-ruhiyyə və coşğu ilə qeyd edir. Mustafa Kamal Atatürkün, Ulu Öndər Heydər Əliyevin varisləri olaraq “bir millət iki dövlət” kimi bu gün də “kədəriniz - kədərimiz, sevinciniz-sevincimizdir”. Bizi tarixin ağır sınaqlarından çıxmış sarsılmaz qardaşlıq və dostluq telləri bağlayır. Azərbaycanın doğma topaqları uğrundakı haqq savaşında, 44 günlük Vətən müharibəsində bütün dünya bir daha bunun şahidi oldu. Ortaq dilə, dinə, tarixə, mədəniyyətə malik olan Azərbaycan və Türkiyə münasibətləri bu gün də yüksələn xətlə inkişaf edir, dostluq və qardaşlıq əlaqələrimiz daha da möhkəmlənir, qarşılıqlı faydalı əməkdaşlığımız daim genişlənir. Əminik ki, Azərbaycan-Türkiyə dostluq münasibətləri Türk dünyasının iki nəhəng və qardaş lideri olan cənab Rəsəb Tayyib Ərdoğanın və cənab İlham Əliyevin rəhdərliyi ilə gələcəkdə də dinamik şəkildə inkişaf edəcək, xalqlarımız hər zaman sülh və rifah içində yaşayacaqdır.
Bir daha Sizi və qardaş Türkiyə xalqını milli bayramınız – Cümhuriyyət Günü münasibətilə ürəkdən təbrik edir, doğma Türk xalqına əmin-amanlıq, tərəqqi, firavanlıq və uğurlar arzulayırıq! Qoy qardaşlığımız və dostluğumuz əbədi olsun! Uca Allah Türk xalqlarını və dövlətlərini qorusun! Yaşasın Turan!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV