Dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 25 oktyabr tarixi Qubadlı Şəhəri Günü kimi qeyd olunur.
Qarabağın kənd təsərrüfatı və iqtisadi baxımdan ən əlverişli ərazisi hesab olunan Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayondan 30 min məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdi. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü isə işğalçılar tərəfindən tamamilə dağıdılmış və yararsız vəziyyətə salınmışdı. İşğalçılar Qubadlının tarixi-mədəni abidələri ilə yanaşı, zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədərək, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırmışdılar. İşğal dövründə ermənilər Qubadlıda güclü istehkamlar qurmuş, şəhər ətrafındakı yerləşən yüksəkliklərdən müntəzəm olaraq təmas xəttində yerləşən Azərbaycan Ordusunun bölmələrini atəşə tuturdular.
2020-ci ilin Vətən müharibəsi zamanı müzəffər ordumuzun peşəkarlığı və əzmi sayəsində bu yüksəkliklər düşməndən təmizləndi. Bir neçə gün sürən çətin və mürəkkəb hərbi əməliyyatlar nəticəsində Qubadlı azad edildi. Qubadlı zəfəri rəşadətli Azərbaycan Ordusunun 44 günlük savaşda strateji üstünlüyünü təmin etdi və qələbəni yaxınlaşdırdı.
Qubadlının işğaldan azad olunması ilə Ermənistanın bu ərazidə törətdiyi müharibə cinayətlərinin də üstü açıldı. Şəhər azad ediləndən sonra məlum oldu ki, ermənilər Xanlıqda hərbi istehkamlar qurmaq və hərbi baza yaratmaqla yanaşı həm də Xanlıq kəndində qanunsuz məskunlaşma əməliyyatı aparmış, xaricdən gətirilən ermənilər burada qanunsuz olaraq yerləşdirilmişdilər. Cenevrə konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparılması hərbi cinayət hesab olunur.
Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 25-də imzaladığı "Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında" sərəncamına əsasən, bu gün Qubadlıda geniş quruculuq işləri həyata keçirilməkdədir. Rayon işğaldan azad olunduqdan dərhal sonra orada bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazinin minalardan təmizlənmə əməliyyatları ilə yanaşı, infrastrukturun bərpası işləri də əsaslı və müntəzəm şəkildə davam etdirilir.
2023-cü ilin sentyabrında Prezident İlham Əliyev “Yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xudafərin‒Qubadlı‒Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi həyata keçirilir. Ötən müddət ərzində Xanlıq Radio-Televiziya Yayım Stansiyasının mövcud 50 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Qubadlı şəhəri və rayonun 12 kəndində (Əlibəyli, Qoturbulaq, Xocahan, Qapanlı, Muğanlı, Hal, Xanlıq, Hənzəli, Əfəndilər, Qəzyan, Saray, Yuxarı Mollu) yayımı təmin olunub..
Rayonun azadlığının ilk ildönümündə Qubadlıya səfər edən Prezident Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Qubadlı” elektrik yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak edib. Prezident Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və rayonda aparılan yenidənqurma və abadlıq işləri haqqında danışıb. Rayonun işğaldan azad olunmasının ikinci ildönümündə Qubadlıya səfər edən Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub, eləcə də İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər.
Səfər çərçivəsində dövlət başçısı həm də Qubadlı şəhərində ümumi sahəsi 2,6 hektara yaxın olan ilk yaşayış məhəlləsinin, 600 şagird yerlik tam orta məktəbin Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlini qoyub.
İşğaldan azad edilmiş ərazilərdə gömrük qaydaları və gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində 27 oktyabr 2021-ci il tarixində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradılıb.
Qubadlı şəhəri beynəlxalq hava limanlarının yerləşdiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Şəhər şimal (Kəlbəcər) və cənub (Zəngilan) arasında xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla kənd təsərrüfatı və sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi rayon mərkəzi kimi yenidən qurulur. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır. İndi Qubadlıda bərpa-quruculuq işləri sürətlə davam etdirilir və həyat yenidən canlanır.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı, fəlsəfə doktoru