İsrail Müdafiə Qüvvələri İranın hərbi obyektlərinə hücumun başa çatdığını elan edib.
Modern.az xəbər verir ki, bu barədə Müdafiə Qüvvələri məlumat yayıb.
Əməliyyatda iştirak edən təyyarələrin salamat ölkəyə qayıtdığı bildirilib.
Diqqətə çatdırılıb ki, hücumun hədəfi raket zavodları olub.
“Zərbə son aylarda İran rejiminin İsrail dövlətinə və onun vətəndaşlarına qarşı hücumlarına cavab olaraq həyata keçirilib. Cavab zərbəsi başa çatıb və missiya yerinə yetirilib”, - İsrail ordusunun açıqlamasında deyilir.
İsrail Müdafiə Nazirliyinin məlumatına görə, vurulan zavodlar İsrailə hücum etmək üçün raketlər istehsal edib. “Yer-hava” raket sistemləri və "İranda İsrail aviasiyasının fəaliyyət azadlığını məhdudlaşdıra bilən” digər obyektlər də hücuma məruz qalıb.
Qeyd edək ki, İsrail oktyabrın 26-na keçən gecə İran hədəflərinə hücum edib. Tehranda hava hücumundan müdafiə sistemləri işə düşüb. Yerli media bir neçə partlayış dalğasının olduğunu bildirib. Hücumların nəticələri məlum deyil. Mətbuatın məlumatına görə, hücumda İsrail Hərbi Hava Qüvvələrinə məxsus 100-dən çox təyyarə iştirak edib.