Cənubi Koreya, Ukrayna və ABŞ rəsmiləri Şimali Koreyanın Rusiyaya qoşun göndərdiyini açıqlayıb.
Modern.az-ın məlumatına görə, hərbçilərin Ukrayna ilə müharibədə iştirak edəcəyi iddia edilib.
Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Pxenyan Rusiyaya 12 min əsgər göndərib. Onlardan bəziləri Rusiyanın Uzaq Şərqindəki bazalarına gəlib. ABŞ-ın müdafiə naziri Lloyd Austin bir gün əvvəl Vaşinqtonun Şimali Koreya hərbçilərinin Rusiyada olması barədə məlumatı olduğunu bildirib. O, hərbçilərin nə məqsədlə Rusiyaya gəldiyini bilmədiyini qeyd edib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi iddia edir ki, KXDR-dən Rusiyanın şərqindəki poliqonlarında təlim keçən ilk hərbi birləşmələr avqustun əvvəlində Ukrayna Silahlı Qüvvələrinin əməliyyat keçirdiyi Kursk bölgəsinə gəlib.
Rusiya Prezidenti Vladimir Putin bu gün Şimali Koreya hərbçiləri ilə bağlı xəbərlərə münasibət bildirib. Putin BRICS sammitindən sonra keçirilən mətbuat konfransında jurnalistin Rusiya ərazisində Şimali Koreya hərbçilərinin olmasını sübut edən peyk çəkilişləri ilə bağlı sualına belə cavab verib: “Şəkillər ciddi bir şeydir. Əgər fotoşəkillər varsa, deməli, onlar nəyisə əks etdirir”.
O xatırladıb ki, KXDR ilə strateji tərəfdaşlıq sazişində hərbi yardımın göstərilməsi ilə bağlı maddə yer alıb. “Bu gün, məncə, bizim strateji tərəfdaşlıq haqqında saziş ratifikasiya olunub. Orada 4-cü maddə var. Şimali Koreya rəhbərliyinin bizim razılaşmalarımıza ciddi yanaşdığına biz heç vaxt zərrə qədər belə şübhə etməmişik. Bu maddə çərçivəsində nəyi və necə edəcəyik, bu, artıq bizim işimizdir”, - deyə o bildirib.
“Biz Şimali koreyalı dostlarımızla əlaqə saxlayırıq. Bu prosesin necə inkişaf edəcəyinə baxacağıq”, - deyə Putin qeyd edib.