Moldovada prezident seçkiləri və Avropa İttifaqına üzv olmağa dair Konstitusiya referendumu ilə bağlı səsvermə baş tutmuş hesab edilib..
Modern.az xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyasının (MSK) açıqlamasına görə, prezident seçkilərində səsvermə hüququ olan vətəndaşların 50 faizindən çoxu iştirak edib. Ən fəallar arasında Kişineu, Donduseni, Taraclia, Falesti sakinləri və xaricdəki seçicilər olub. Moldova vaxtı ilə saat 19:45-ə qədər 1 milyon 498 min 505 seçici səs verib.
Prezident seçkiləri və respublika Konstitusiya referendumu üçün MSK 7,3 milyondan çox bülleten çap edib. Onlardan 1,7 milyona yaxın bülleten xaricdə olan seçicilər üçün çap edilib. Bu seçkidə bülletenlər beş etnik azlığın dillərində çap olunub.
Ölkədə və xaricdə yaşayan vətəndaşlar şəxsiyyət vəsiqəsi və ya pasport ilə səsvermədə iştirak ediblər. Ümumilikdə 42 minə yaxın gənc ilk dəfə səs verib.
Seçkiləri 2061 milli və beynəlxalq müşahidəçi izləyib. Onlar səsvermə proseduruna, bülletenlərin hesablanmasına və nəticələrin hesablanmasına nəzarət ediblər.
Seçki bülletenində ali dövlət postu uğrunda 11 namizəd mübarizə aparıb.
Bildirilir ki, ölkənin azırkı dövlət başçısı Maya Sandu prezident seçkilərində liderlik edir.
Protokolların 37 faizi açıqlandıqdan sonra Sandu 35 faizlik nəticə ilə liderdir.
Onun ardınca 29 faizlə keçmiş baş prokuror Aleksandr Stoyanoqlo ilə gəlir.
Qalib seçicilərin yarısından çoxunun səsini toplamalıdır. Əks təqdirdə, noyabrın 3-də ikinci tur keçiriləcək və birinci turun iki lideri iştirak edəcək.