Prezident seçkilərinə bir neçə həftə qalmış Kamala Harrislə Co Baydenin komandaları arasında münasibətlər daha da gərginləşir.
Modern.az-ın məlumatına görə, bu barədə “Axios” 10-a yaxın mənbəyə istinadən yazıb.
Bildirilib ki, Harris komandasının bəzi nümayəndələri Ağ Evin köməkçilərinin Baydenin cədvəlini vitse-prezidentin kampaniyası ilə uyğunlaşdırmaq üçün kifayət qədər koordinasiya etməməsindən şikayətlənirlər. Buna sübut olaraq, oktyabrın 11-də Harrisin Miçiqan ştatında seçicilərlə görüşü zamanı Ağ Evin brifinq otağında Baydenin qeyri-müəyyən mətbuat konfransı keçirməsinin Harrisin tədbirinin gözləniləndən daha az televiziyada yayımlanmasına səbəb olduğu deyilir.
Bununla yanaşı, ötən həftənin əvvəlində Harris Florida qubernatoru Ron De Santisi son qasırğalarla bağlı zənglərinə cavab vermədiyi üçün tənqid etdiyi halda, qısa vaxt sonra Bayden qubernatoru qayğıkeş və işgüzar adlandırıb. Vəziyyətlə tanış olan bir şəxs “Axios”a Harrisin şərhləri ilə bağlı Baydenə məlumat verilmədiyini söyləyib. Harris kampaniyasından başqa bir nəfər bildirib ki, Ağ evdə deyilənlərin seçki kampaniyasına necə təsir edəcəyini düşünən adam yoxdur.
Qeyd olunub ki, Bayden və Harris komandaları arasında gərginlik qaçılmaz idi. Belə ki, Demokratlar Partiyasının Baydenə seçki yarışından çəkilməsi üçün təzyiq etməsi ilə yanaşı, Ağ Evdə olan vitse-prezidentin Oval Ofisin sahibi ilə daxili mübahisəsi ilk hal deyil. Bu baxımdan 2000-ci ildə Al Qor ilə Bil Klinton və 1988-ci ildə Corc Buş və Ronald Reyqan arasında gərginlik misal olaraq göstərilib.
Koordinasiya ilə bağlı problemin olmasına baxmayaraq, bəzi mənbələr Ağ ev komandasının Harrisin qalib gəlməsi üçün gərgin işlədiyini bildirib. Ağ Ev daxildə yüksək səviyyəli rəsmilər arasında gərginliyin olmasını təkzib edib.